Meydanda məşqçi işi görmürəm.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov yığmanın cari mövsüm Millətlər Liqasındakı nəticələrini dəyərləndirərkən deyib.
41 yaşlı keçmiş yarımmüdafiəçi nəticələrin pis olduğunu söyləyib:
“Millinin nəticələri həddindən artıq pis oldu. Komanda qrupda sonuncu yeri tutub, ən aşağı - D Liqasına düşdü. Fernandu Santuşun işi? Sonuncu yeri tutan komandanın baş məşqçsinin işinə heç kim “normaldır” deyə bilməz. Bunun günahının nə qədər hissəsinin baş məşqçidə və ya futbolçularda olmasını özləri daha yaxşı bilir”.
Mütəxəssis yığmanın təkcə İsveç deyil, bütün komandalara qarşı bərbad oynadığını vurğulayıb:
“Nəticə ilə yanaşı, oyun baxımından da vəziyyət çox bərbaddır. Təkcə İsveçə deyil, Estoniya və digər rəqiblərə qarşı da bərbad oyunlar keçirdik. Danışılası nəsə yoxdur. Görünən kəndə bələdçi lazım deyil. Nəticələr, oynanılan futbol göz qabağındadır. Yəqin ki, futbol ictimaiyyətinin böyük əksəriyyəti də mənim kimi düşünür. Meydanda məşqçi işi görmürəm”.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.