Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsinin V turunda Rumıniya ilə Bakıda bərabərə qalıb – 5:5.
Vitali Borisovun komandası qrupda son oyununu dekabrın 20-də səfərdə Niderland yığmasına qarşı keçirəcək.
Son tur ərəfəsində milli 4 xalla yer aldığı A qrupunun axırıncı pilləsində qərarlaşıb.
Rumıniya ilə görüşdə komandamızın qollarından birinin müəllifi olan Tofiq Mikayılov “Report”a müsahibəsində həm geridə qalan qarşılaşmanı dəyərləndirib, həm də qarşıda duran hədəflərdən söz açıb.
- Rumıniya ilə matçın bu dərəcədə gərgin keçəcəyini gözləyirdiniz?
- Millimizin heyətinin, demək olar ki, 90 faizi dəyişib. Meydançaya çıxanların əksəriyyəti yerli gənclərdir. Mən əvvəlki matçlara dəvət almamışdım. Baş məşqçi Vitali Borisov demişdi ki, hazır ol, hər an yığmaya çağırıla bilərsən. Oyun həqiqətən də çox gərgin alındı. Amma üstünlük tam olaraq bizim tərəfimizdə idi. Komanda yeni qurulduğu üçün baş məşqçiyə vaxt lazımdır. İnanıram ki, daha yaxşı olacağıq.
- Bir neçə dəfə hesabda önə keçsəniz də, sonda heç-heçə ilə kifayətləndiniz. Qələbə üçün nə çatmadı?
- Cəmi beş gün idi ki, bu heyət bir yerdə məşq edirdi. Rəqib komanda qapıçını meydan oyunçusu ilə dəyişəndə çətinlik çəkirdik. Açığı, uğursuz qollar buraxdıq, adama pis təsir edir. Rumıniyanın qapıçısı "çərçivə"də dayananda önə keçirdik.
- Millidəki gənclər gələcəyə ümid verirmi?
- Baş məşqçi məhz gənclərə kömək üçün Fərid Atakişiyevi və məni çağırıb. Fikirləşir ki, 4-5 gəncin yanında 1-2 təcrübəli də olmalıdır. Rumıniya da zəif komanda deyildi. Uşaqlar əllərindən gələni etdilər. İnanıram ki, Niderlandda bunun davamı gələcək. Bu komanda gələcəkdə yaxşı nəticələr qazanacaq.
- Milliləşən futzalçıların yoxluğunu hiss edirsiniz?
- Komandada yer alsaydılar, yaxşı olardı. Ancaq Rumıniya ilə görüşdə yoxluqları o qədər də hiss edilmədi. Heyətdə 2-3 milliləşən var, onlar da öz bayraqları kimi canla-başla mübarizə apardılar. Azərbaycanın adı, bayrağı olan yerdə ancaq qələbə barədə düşünməlisən. Gənclərimiz təcrübə topladıqca daha yaxşı olacaqlar.
- Polşadan olan hakimlər briqadasının qərarları tez-tez hər iki komanda tərəfindən narazılıqla qarşılanırdı...
- Doğrudur, hakimin idarəçiliyi tam ürəyimizcə olmadı. Hər xırda toxunuşa cərimə verirdi. Bunun nəticəsində ikinci hissədə 5 cərimə həddinə çox tez çatdıq. Artıq geridə qalıb, nə etmək olar?
- Bir epizodda komanda yoldaşınız topu boş qapıdan keçirəcəyi anda hakim oyunu saxladı. Demək olarmı ki, bu, matçın taleyini həll edən epizod oldu?
- Bəli, səhv etmirəmsə, həmin vaxt hesabda öndə idik. Məncə, hakimin o qərarı oyunun qırılma anı oldu. Bu barədə matçdan sonra özümüz də söhbət etdik. Qol vurmağa hazırlaşdığımız bir vaxtda feyr-pleyi əsas tutaraq oyunu dayandırmaq doğru deyildi. Top qapıçıya dəymişdi və komanda yoldaşımın önünə düşmüşdü. O da topu boş qapıdan keçirəcəkdi. Hakim fiti səsləndirəndən sonra isə nəyisə dəyişmək olmur.
- Son turda Niderlandın qonağı olacaqsınız. Nəyə ümid edirsiniz?
- Düzdür, qələbə bizə kifayət etməyə bilər. Amma istənilən halda Azərbaycan bayrağı varsa, ölkəni təmsil ediriksə, meydançaya yalnız qalibiyyət üçün çıxacağıq. Rumıniya ilə matçda şans əldə etməyən uşaqlar Niderlandla qarşılaşmada iştirak edə biləcəklər.
- Millinin əvvəlki gücünü bərpa etməsi üçün bu heyətə nə qədər vaxt lazımdır?
- Bu suala baş məşqçi daha yaxşı cavab verə bilər. Əlbəttə ki, komandaya yeni futzalçılar lazımdır. Gənclərin yanında mütləq təcrübəlilər yer almalıdır. Hətta qarşıdakı matçlarda legionersiz, sırf yerlilərlə də çıxış edə bilərik. Azərbaycanlı gənclərə inanmaq lazımdır.
- Hazırda “Baku Fire” klubunda çıxış edirsiniz. Yenidən minifutbola qayıtmaq ehtimalınız var?
- Xeyr, minifutbol karyeramı bitirmişəm. Bundan sonra futzalda olacağam. Ümid edirəm ki, çempionatda da komanda sayı getdikcə artar. Belədə futzalçıların sayı çoxalar, milli üçün seçim imkanı geniş olar. Növbəti mövsüm çempionatda 10 komanda iştirak etsə, çox yaxşı olar.
- Son illər Azərbaycanda minifutbol daha çox populyarlaşıb. Belə bir vəziyyətdə oranı tərk etməyiniz nədən qaynaqlandı?
- Minifutbol üzrə millinin baş məşqçisi Elşad Quliyev də bizə çox yaxın insandır. Həqiqətən də minifutbolda komanda sayı çoxdur, böyük futbolda çıxış etmiş oyunçular oradadırlar. Minifutbolu tərk etməyimin xüsusi bir səbəbi yoxdur. Sadəcə, Vitali Borisov dəvət etdi. Özüm də futzalda oynamaq istəyirdim. Bilmək olmaz, bəlkə nə vaxtsa yenidən minifutbolda çıxış etdim. Hələ ki futzaldayam.