Azərbaycan millisinin baş məşqçisi: "Qrupumuzda iki güclü komanda var idi"

Azərbaycan millisinin baş məşqçisi: "Qrupumuzda iki güclü komanda var idi" "Qrupumuzda iki güclü komanda var idi"
Futbol
16 Noyabr , 2023 15:37
Azərbaycan millisinin baş məşqçisi: Qrupumuzda iki güclü komanda var idi

"Qrupumuzda iki güclü komanda var idi".

Bunu "Report"a açıqlamasında 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev Avropa çempionatının seçmə mərhələsi ilə bağlı danışarkən deyib.

Mütəxəssis turnirə bacardıqları qədər hazırlaşdıqlarını bildirib: "Vaxt az idi, həm də bizim qızların çempionatları başlamamışdı. Bu səbəbdən oyunçular hazırlıqsız idi. Kosovo komandası daha əvvəl A və B səbətində də yer alıb. Onlara qarşı pis mübarizə aparmadıq. Üç təkbətək epizoddan yararlana bilmədik, Şansları boşa verdik".

Baş məşqçi Sloveniya ilə qarşılaşmada isə şanslarının olmadığını vurğulayıb: "Qrupdakı bütün matçlarında böyük hesabla qələbə qazandılar. Rəqib nəhəng yığmalarla başabaş oynayan kollektivdir".

Ağayev qrupda onlara uyğun yeganə kollektivin Moldova millisi olduğunu sözlərinə əlavə edib: "Onları məğlub edə bilərdik. Üstün tərəf idik. Matça nəzarət də tamamilə bizdə oldu. Sadəcə, şansları dəyərləndirə bilmədik və xal itirdik. Qələbə qazanmaq da olardı. Bir sözlə, seçmə mərhələdə bacardığımızı etdik".

Mütəxəssis Azərbaycan Yüksək Liqasının oyunlarını izləyərək yeni futbolçular axtaracaqlarını deyib: "Kişi futbolu ilə müqayisədə burada oyunçu tapmaq çox çətindir. Seleksiya aparmağa, komandanı bacardığımız qədər düzəltməyə çalışacağıq".

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının seçmə mərhələsini 1 xalla başa vurub. Komanda B liqasının 3-cü qrupunda Sloveniya (0:9) və Kosovoya (0:3) uduzub, Moldova ilə qolsuz bərabərliyə razılaşıb.

Son xəbərlər

Orphus sistemi