İnanıram ki, Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək.
Bunu "Report"a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarında kamandan oxatma növündə bu gün mübarizəyə başlayan Azərbaycan təmsilçisi Yaylagül Ramazanova deyib.
34 yaşlı idmançı sıralama turundakı çıxışını dəyərləndirib:
"Hər bir idmançı qarşısına maksimum nəticə əldə etmək məqsədi qoyur. Ən yaxşısını etməyə çalışırdım və nəticədə 647 xal topladım. Kamandan oxatmada fiziki güclə bərabər, təbii amillər də rol oynayır. Bildiyiniz kimi, bu gün sıralama turu baş tutdu. Əsas mübarizə növbəti mərhələdə başlayır. Rəqibim Çin təmsilçisi Quxuan An olacaq. Onu mübarizədən kənarlaşdırmağa çalışacağam. İnanıram ki, Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək".
Qeyd edək ki, Y.Ramazanova sıralama turunda 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647-ni toplamaqla mövsümdə ən yaxşı nəticəsinə imza atıb. Y.Ramazanova 1/32 final görüşünə iyulun 30-da çıxacaq.