İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb

İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.
Fərdi
29 Sentyabr , 2024 13:32
İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb

Azərbaycanın bütün boksçuları Bakıda ilk dəfə keçirilən İBA Çempionlar Gecəsində qələbə qazanıb.

Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasından bildirilib.

Müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin Milli Gimnastika Arenasında izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. Altı raundluq döyüş Azərbaycan boksçusunun inamlı qələbəsi ilə yekunlaşıb.

Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionu Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktivinə yazıb.

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.

Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kq-da döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində Azərbaycanın 4-cü qələbəsini rəsmiləşdirib.

Son xəbərlər

Orphus sistemi