Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Fərdi
3 Mart , 2023 16:38
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə gürcüstanlı Lukum Çxvimianiyə qalib gəlib.

Yusifov dünya çempionu olmuş təcrübəli rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, bu gün Böyük Dəbilqədə çıxış edən Azərbaycan yığmasının digər üzvləri Rövşən Əliyev (60 kq), Kamran Süleymanov və Ruslan Paşayev (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

13:28

Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxacaq.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı təsəlliverici dueldə rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxmaq şansını davam etdirib.

İlk iki qarşılaşmasında almaniyalı Moritz Plafk və türkmənistanlı Hakberdi Cumayevi üstələyən Yusifov 1/4 final mərhələsində yerli idmançıdan zəif olub. O, Dostan Ruziyevə uduzub. Azərbaycan təmsilçisi bunun əvəzini təsəlliverici raundda Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan çıxıb. Əhməd Yusifov son görüşündə Romarik Bouda (Fransa) – Dilşodbek Baratov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər cüdoçular daha erkən mərhələdə mübarizəni dayandırıblar. 60 kq çəkidə Rövşən Əliyev yarışa qoşulduğu 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub.

66 kq-da Azərbaycanı təmsil edən Kamran Süleymanov və Ruslan Paşayev yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya yenilib.

Qeyd edək ki, martın 5-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində yarışacaqlar.

Son xəbərlər

Orphus sistemi