Kişi boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan Boks Federasiyasından (ABF) "Report"a verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi təşkil olunan çempionat böyük əhəmiyyətə malikdir: “Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə əldə etmişik. İlk dəfə bu yarışda 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun davamı gələcək”.
Hüseynov qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub: “Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa vaxt qalıb. Yığmamız artıq 2 çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki, komandamız Fransadan Olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl medalla dönəcək”.
ABF rəsmisi çempionatın final günündə azarkeşləri sürprizlər gözlədiyini də deyib. O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına aparılacaq. Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir.
ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılıb.
Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.
“Report” xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlayacaq.
Çempionatın qaliblərinin adına dekabrın 8-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov (Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali Mokretari (Əlcəzair), Akmalcon Abdulayev (Tacikistan) və Bekcon Yusupov (Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Türkiyəli və əlcəzairli ədalət təmsilçilərinin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.