"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilməsinin səbəbi bəlli olub.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem açıqlama verib.
O, yarış sayı çox olduğu və bunların "24 saat Le Man" marafonu ilə eyni tarixə təsadüf etməməsi üçün iyunda yalnız 2 Qran-prinin keçirilməsinə qərar verildiyini bildirib: "Təqvimin tərtibi zamanı buna xüsusi diqqət yetirilib".
Bin Sulayemin sözlərinə görə, dünya çempionatında 24 yarışın yer alması avtoidmanın qlobal səviyyədə inkişafının və geniş auditoriya cəlb etməsinin sübutudur: "Təqvimə yeni yarışların əlavə olunması və ənənəvi Qran-prilərin qorunub saxlanması FIA-nın bir daha "Formula 1"ə xüsusi diqqətinin göstəricisidir. Məmnunluq hissi ilə bildirirəm ki, daha böyük həyəcanla yarışın yeni erasına qədəm qoyuruq. Beynəlxalq Avtomobil Federasiyasının 2022-ci ildə qəbul etdiyi qaydalar bunun üçün geniş zəmin yarada biləcək".
Qeyd edək ki, "Formula 1"in yeni mövsümü rekord sayda - 24 yarışla keçirilək. Azərbaycan Qran-prisi 28 - 30 apreldə baş tutacaq. Bakıdakı yarışın vaxtı 3 ildən sonra yenidən dəyişdirilib.