İki bürünc medal bizim üçün uğurlu nəticə sayıla bilməz.
Bunu “Report”a açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.
Mütəxəssis milli komandanın Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında uğursuz çıxışının səbəblərindən danışıb: “Ümumilikdə 13 boksçumuzdan 7-si bizimlə Bolqarıstanda təlim-məşq toplanışında yer almışdı. Digər 6 idmançımız zədə və digər səbəblərdən birbaşa Serbiyaya gəldi. Yarışın bizim üçün uğurlu keçdiyini deyə bilməyəcəm. İnşallah, qarşıdakı turnirlərə daha yaxşı hazırlaşacağıq”.
N.Abdullayev boksçularımızın rəqibləri ilə döyüşlərini şərh edib: “Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq) və Amin Məmmədzadə (54 kq) pis çıxış etmədilər. Amma müəyyən vaxtlarda hakim ədalətsizliyi idmançılarımızın məğlubiyyətinə səbəb oldu. Şamil Əsgərovun (57 kq) döyüşündən razı qalmadım, zəif çıxış etdi. Tayfur Əliyevə (60 kq) qarşı hakim haqsızlığının olduğunu söyləyə bilərəm. Belə olmsayadı, davam edə bilərdi. Malik Həsənov (63,5 kq) isə olduqca yaxşı mübarizə apardı. Yarımfinaldakı döyüşünü də qənatbəxş saymaq olardı. Lakin yenə hakimlərin qeyri-müəyyən qərarları idmançımızı finaldan etdi və nəticədə Malik bürünc mükafatla kifayətləndi. Nəbi İsgəndərov (67 kq) gürcüstanlı rəqibi ilə layiqli mübarizə apardı. Təəssüf ki, son nəticələri uğursuz oldu. Sərxan Əliyev (71 kq) yüngül zədəsi səbəbindən lazımınca mübarizə apara bilmədi. Həmçinin Kamran Şahsuvarlının (75 kq) çıxışından razı qalmadıq. Murad Allahverdiyevdə (80 kq) yorğunluq hiss olunurdu. Eldar Quliyevin (86 kq) çıxışı yaxşı alınmadı. Alfonso Dominqesin (92 kq) görüşünə gəlincə, əvvəlki illərə nisbətən bir az zəif çıxış etdiyini deyə bilərəm. Lakin yarımfinalda raundlarda rəqibindən üstün idi. Sadəcə, xəbərdarlıq aldığına görə qələbə rəqibə verildi. Məhəmməd Abdullayev (+92 kq) barədə xoş sözlər demək istəyirəm. Baxmayaraq ki, məğlub olub. Yaxşı döyüş nümayiş etdirməsinə baxmayaraq, qələbə qazana bilmədi”.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) və Alfonso Dominqes (92 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıblar.