Səudiyyə Ərəbistanından ABŞ-a daşınan neftlə bağlı çətinliklər ortaya çıxdı

Səudiyyə Ərəbistanından ABŞ-a daşınan neftlə bağlı çətinliklər ortaya çıxdı Səudiyyə Ərəbistanından ABŞ-a supertankerlərlə daşınan neftin sahilə çıxarılması ilə bağlı ciddi çətinliklər yaranıb.
Energetika
13 May , 2020 17:40
Səudiyyə Ərəbistanından ABŞ-a daşınan neftlə bağlı çətinliklər ortaya çıxdı

Səudiyyə Ərəbistanından ABŞ-a supertankerlərlə daşınan neftin sahilə çıxarılması ilə bağlı ciddi çətinliklər yaranıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, sahildən müəyyən məsafədə lövbər atan supertankerlərdən neftin sahilə çıxarılmasına adətən 4-6 gün vaxt sərf edilirdisə, indi bu işlər iki həftəyədək uzanır. Bunun səbəbi supertankerlərdən nefti sahilə daşımaq üçün istifadə olunan 600 min barelədək tutumlu kiçik gəmilərin çatışmazlığıdır.

Hərçənd yaxın vaxtlarda vəziyyət daha da kəskinləşə bilər. Belə ki, əvvəllər Səudiyyə Ərəbistanından ABŞ sahillərinə doğru neft daşıyan ayda 7 supertanker yola salınırdısa, BİMCO (Baltic and İnternational Maritime Council) beynəlxalq dəniz daşımaları birliyinin baş eksperti Piter Sandın qeyd etdiyinə görə, cari ilin aprel ayında həmin rəqəm 18 olub və bu tankerlər hələ yoldadır.

Sözügedən kiçik gəmilərin çatışmazlığı isə belə gəmilərin satılmayan xam neft üçün saxlanc qismində istifadə olunması ilə bağlıdır. Nəticədə bu cür gəmilərin icarə haqqı o dərəcədə artıb ki, onlardan nefti sahilə daşımaq üçün istifadə etmək sərf etmir.

Qeyd edək ki, aprel ayında Səudiyyə Ərəbistanı ABŞ-a fevrala nisbətən dörd dəfə çox neft ixrac etdiyi bir vaxtda ABŞ-da neftə tələbatın kəskin azalması nəzərə çarpırdı.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi