“Biz Cənub Qaz Dəhlizinə (SGC) görə, həqiqətən də, qürur duyuruq. Azərbaycanın təbii sərvətlərinin işlənməsində yeni mərhələni aşan əlamətdar layihənin iştirakımıza, vaxtında və öncədən təsdiq edilmiş büdcə əsasında tamalanmasına şadıq”.
Bunu “Report”a eksklüziv müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
S.Maykl təmsil etdiyi Bankın SGC-nin genişləndirilməsində iştirak edə biləcəyini də açıqlayıb:
“Bu, çox yaxşıdır ki, kəmərin çəkilişi zamanı yeni flora və fauna növləri kəşf edildi. Ümumilikdə bu layihə böyük bir uğur hekayəsidir. Əgər Azərbaycan hökuməti ölkənin qaz, neft sektorunun inkişafında və ölkənin beynəlxalq kommunikasiya bağlarının təmin edilməsində və iqtisadi artımlarla bağlı digər layihələrin Dünya Bankı tərəfindən maliyyələşmənin həyata keçirilməsini iştirak etməsi istəyərsə, biz buna şad olarıq”.
Cənub Qaz Dəhlizi - Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3 500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Müxtəlif layihələrdə iştirak edən əsas şirkətlər: Axpo (İsveçrə), BOTAŞ (Türkiyə), BP (Böyük Britaniya), Enagás (İspaniya), Fluxys (Belçika), LUKoyl (Rusiya), Naftiran Intertrade (Iran), Petronas (Malayziya), SOCAR (Azərbaycan), Statoil (Norveç), Total (Fransa) və TPAO (Türkiyə).
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının 2017 ildə elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln ABŞ dolları məbləğində kredit ayırıb.
Kreditin 400 mln ABŞ dollarını Azərbaycan dövlətinin zəmanəti ilə “SGC” QSC, digər 400 mln ABŞ dolları isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ alıb.
Kredit “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib.
Şərtlərə görə, SGC və BOTAŞ-ın hər birinin əldə etdiyi 400 mln ABŞ dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub. Dünya Bankı borcu LİBOR+1 % dərəcəsi ilə ayırıb.