Rusiya Bakı-Novorossiysk kəmərinin nəql xərclərini 31% artırır

Rusiya Bakı-Novorossiysk kəmərinin nəql xərclərini 31% artırır Novorossiysk limanından ixrac edilən xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 84 668,646 ton yaxud 49,91% artıb
Energetika
29 Mart , 2015 12:55
Rusiya Bakı-Novorossiysk kəmərinin nəql xərclərini 31% artırır

Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini artırıb. "Report" xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat verib.

Məlumata görə, bundan sonra Şimal boru kəməri ilə nəql edilən 1 ton neftin tarifi təxminən 30,63% yaxud 149,95 rubl (2,5 ABŞ dolları) artırılacaq və 639,54 rubl (10,7 ABŞ dolları) təşkil edəcək. Məlumatlara görə bu qiymətlərə Əlavə Dəyər Vergisi (ƏDV) daxil deyil.

Məsələ ilə bağlı "Report"un sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib ki, hazırda həmin kəmərlə neftin nəqli köhnə qiymətlər əsasında aparılır:

"Hazırda Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli Rusiya tərəfi ilə bağlanmış köhnə qiymətlər əsasında aparılır".

Xatırladaq ki, Azərbaycan Bakı-Novorossiysk kəməri 1997-ci ildən işə düşüb və ötən il SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral ayları ərzində SOCAR tərəfindən Novorossiysk limanından ixrac edilmək üçün 254 314,990 ton xam neft yüklənib ki, bu da ümumi həcmin 6,22%-nə bərabərdir. Novorossiysk limanından ixrac edilən xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 84 668,646 ton yaxud 49,91% artıb.

Son xəbərlər

Orphus sistemi