"Masdar": BOEM sahəsindəki imkanlar Azərbaycanın qlobal bazara çıxışına yol açır

Energetika
  • 17 fevral, 2026
  • 12:44
Masdar: BOEM sahəsindəki imkanlar Azərbaycanın qlobal bazara çıxışına yol açır

Azərbaycanda yaradılan imkanlar ölkənin və bütün regionun transformasiyasına töhfə verir, yeni inkişaf perspektivləri açır.

"Report" xəbər verir ki, bunu "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıqov "Azərbaycanın enerji sektorunda gənclərin bazarın tələblərinə uyğun bacarıqlara və məşğulluq imkanlarına çıxışının genişləndirilməsi" layihəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, "Masdar" beynəlxalq məsləhətçilərin iştirakı ilə bərpa olunan enerji sahəsində Azərbaycanın həm daxili tələbatını, həm də ixrac potensialını hərtərəfli qiymətləndirib.

"Bu araşdırmalar Energetika Nazirliyinin bu gün tərəfdaşlarla birgə həyata keçirdiyi gələcək işlərin təməlini qoyub. Biz qurumun Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri və regionun digər dövlətləri ilə ekspertlər səviyyəsində qarşılıqlı fəaliyyətini genişləndirərək əməkdaşlıq platforması yaratdığını görürük", - M.Sadıqov qeyd edib.

Nümayəndəliyin rəhbəri vurğulayıb ki, ötən həftə ABŞ ilə aparılan danışıqların əsas mövzularından biri süni intellekt üçün məlumat emalı mərkəzlərinin inkişafı, rəqəmsallaşma və texnoloji transformasiya ilə bağlı olub.

"Rəqəmsal transformasiya etibarlı və dayanıqlı enerji bazası olmadan mümkün deyil. Bu gün Azərbaycan vətəndaşları üçün yaradılan imkanlar ixtisaslı işçi qüvvəsinin mobilliyini artıraraq ölkənin və regionun struktur transformasiyasına töhfə verəcək. EBRD-in və tərəfdaşlarımızın dəstəyi ilə "Masdar"ın ölkədəki layihələri əsasında həyata keçirilən təşəbbüslər minlərlə istedadlı azərbaycanlının qlobal peşəkar cəmiyyətə inteqrasiyasına yol açacaq. Söhbət həm "yaşıl" enerji gündəliyinin təşviqindən, həm də Azərbaycanın bu sahədə intellektual potensialının üzə çıxarılmasından gedir", - M.Sadıqov əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti