Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub - YENİLƏNİB

Biznes
  • 17 fevral, 2026
  • 19:51
Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyində BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

Ölkələr arasında ticarəti daha da asanlaşdırmaq və liberallaşdırmaq, həmçinin qeyri-neft-qaz sektoru üzrə dövriyyəni artırmaq məqsədi ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin iqtisadi əlaqələrin inkişafında önəmi nəzərə çatdırılıb.

Azərbaycanda yaradılan əlverişli investisiya mühiti vurğulanıb, iki ölkənin iştirakı ilə yaradılmış Birgə İnvestisiya Fondunun qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsində və maliyyələşdirilməsində rolu diqqətə çatdırılıb. Həmçinin "Masdar" şirkətinin Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayələrinin əhəmiyyətinə toxunulub.

Görüşdə dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması barədə müzakirələr aparılıb, Azərbaycan-BƏƏ şirkətləri arasında B2B görüşlərin işgüzar əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının artmasına töhfə verdiyi qeyd olunub.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında karbon emissiyalarının azaldılması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu tərəfdaşlığı vurğuladıq. Dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti