ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib

Daxili siyasət
  • 03 noyabr, 2026
  • 13:34
ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib

"Baku Book Center"də bu gün "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, müəlliflər - Liam Kollinz (Liam Collins) və Con Spenser (John Spencer) kitabın hazırlanma prosesi, tədqiqatların əsas istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş kitab təxminən iki il ərzində hazırlanıb.

Nəşr Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunmuş ilk xarici genişmiqyaslı sistemli hərbi tədqiqatlardan biridir. Hərbi tədqiqatlar sahəsində ixtisaslaşan Uest-Poynt Hərbi Akademiyası mütəxəssislərinin tədqiqatda iştirakı işin elmi və analitik əhəmiyyətini daha da artırır.

Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və sonrakı hərbi-siyasi proseslərlə bitən geniş bir tarixi dövr əhatə olunur. Kitabın ayrı-ayrı bölmələrində Azərbaycanın irimiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), "Dəmir yumruq" əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun Hadrut, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərindəki hərbi əməliyyatları, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri təhlil edilib.

Kitabın ən diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə bağlı olduğu barədə geniş yayılmış fikrin tənqidi təhlilidir.

Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi - milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.

Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi "müasir döyüş sistemlərinin tətbiqi" konsepsiyasının dərindən mənimsənilməsi göstərilib. Bu konsepsiya qüvvələrin səpələnməsi, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadə, düşmənin atəş vasitələrinin susdurulması və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini özündə ehtiva edir.

Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin getdiyi ərazilərə səfər edərək orada yerində tədqiqatlar aparıblar.

Müəlliflərin gəldiyi əsas nəticə ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə edilməsinin arxasında milli güc, ardıcıl dövlət və ordu quruculuğu siyasəti, iqtisadi potensial, səmərəli kommunikasiya strategiyası, həmçinin ideoloji iş kimi mühüm amillər dayanır.

Kitabda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin döyüş əməliyyatlarının strateji idarə olunmasındakı rolu, ölkə daxilində və beynəlxalq arenada fəal kommunikasiya fəaliyyəti, həmçinin dezinformasiya ilə mübarizə xüsusilə vurğulanıb.

Qeyd edək ki, kitab hələ işıq üzü görməzdən əvvəl müəlliflər 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişatına dair ətraflı tədqiqatlar aparıb və bu mövzuda məqalələr dərc etdiriblər.

44 filmi