EBRD Azərbaycanda gənc sahibkarlara verilən kreditlər üzrə risklərin 70 %-ə qədərini qarşılayacaq
- 24 noyabr, 2026
- 14:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda "Biznesdə Gənclər" (YiB) proqramı çərçivəsində gənc sahibkarların gələcəkdə maliyyələşdirilməsi üçün yerli tərəfdaş banklara 25 milyon avroyadək məbləğdə kredit xətləri təqdim etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu EBRD-nin Türkiyə və Qafqaz üzrə kiçik və orta biznesin maliyyələşdirilməsi və inkişafı istiqamətinin rəhbəri Simona Zeh Atanasovski (Simone Zeh Atanasovski) Bakıda proqramın təqdimatında deyib.
Onun sözlərinə görə, EBRD bu təşəbbüs çərçivəsində tərəfdaş banklara mülkiyyətçiləri və ya idarəedicilərinin 35 yaşdan aşağı şəxslər olduğu mikro, kiçik və orta müəssisələrin gələcəkdə kreditləşdirilməsi üçün 5 ilədək müddətə (güzəştli dövr imkanı daxil olmaqla) 25 milyon avroyadək məbləğdə kredit xətləri ayırmağı planlaşdırır.
"İlk zərər riskinin qarşılanması mexanizmi bankları dəstəkləməyə, bu subseqmentin kreditləşdirilməsi üçün onlarda inam aşılamağa və təhlükəsizlik şəbəkəsi yaratmağa yönəlib. Ümumilikdə, biz gənc sahibkara və ya biznesə verilən hər bir konkret kredit üzrə risklərin 70 %-dək hissəsini qarşılamağa hazırıq. Lakin bu təminat tərəfdaş banka ayrılmış kredit xəttinin məbləğinin maksimum 10 %-i ilə məhdudlaşır", - S.Atanasovski vurğulayıb.
O dəqiqləşdirib ki, bankları infrastruktura, marketinq fəaliyyətlərinə və risklərin qiymətləndirilməsi sistemlərinin uyğunlaşdırılmasına sərmayə yatırmağa təşviq etmək məqsədilə EBRD əlavə olaraq nəticələrin əldə edilməsinə görə mükafatlandırma mexanizmi tətbiq edir. Ödənişlərin məbləği kredit portfelində gənc sahibkarların payının artırılması üzrə hədəf göstəricilərinin yerinə yetirilməsi şərtilə verilmiş kreditlərin məbləğinin 3 %-dək hissəsini təşkil edəcək. EBRD-nin məlumatına görə, bu gün region bazarında gənc sahibkarların payı 16 %-dən bir qədər azdır ki, bu da həmin seqmentdə kreditləşmənin genişləndirilməsi üçün əhəmiyyətli imkanlar açır.
Maliyyə vəsaitlərinin təqdim edilməsi ilə yanaşı, bank müştərilər üçün təhsil və mentorluq proqramlarının təşkili məqsədilə özünün Bakı ofisi vasitəsilə də tərəfdaşlara texniki dəstək və məsləhət xidmətləri göstərəcək. EBRD-nin meyarlarına (Aİ standartlarına əsaslanan) uyğun olaraq, illik dövriyyəsi 15 milyon avroya, məcmu aktivləri 43 milyon avroya və işçi heyətinin sayı 250 nəfərə qədər olan müəssisələr mikro, kiçik və orta sahibkarlıq kateqoriyasına aiddir. Biznesin ötürülməsi prosesində olan, idarəçiliyin artıq gənc nəslin nümayəndələrinə keçdiyi, hətta mülkiyyət hüququnun hələ rəsmiləşdirilmədiyi şirkətlər də proqramda iştirak edə bilər. Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Biznesdə Gənclər" proqramı hazırda 19 dövləti əhatə edir. Bu proqram çərçivəsində ayrılmış maliyyə vəsaitinin ümumi məbləği 1 milyard avronu ötüb.