Bakı və Astana BTC ilə neft tranzitinin iqtisadi parametrlərinin yaxşılaşdırılması üzərində işləyir

Energetika
  • 15 dekabr, 2025
  • 11:18
Bakı və Astana BTC ilə neft tranzitinin iqtisadi parametrlərinin yaxşılaşdırılması üzərində işləyir

Qazaxıstan neftin ixracı üçün bütün mövcud marşrutları nəzərdən keçirir, lakin istiqamətlərin seçimində əsas amil onların iqtisadi rentabelliyi olaraq qalır.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu marşrutunun Qazaxıstan neftinin ümumi ixrac strukturunda iqtisadi səmərəliliyi şübhə doğurmur. Bundan əlavə, nazir ikinci əhəmiyyətli istiqamət kimi Çin marşrutunu qeyd edib ki, bu da davamlı iqtisadi göstəricilər nümayiş etdirir.

Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutudan bəhs edən E.Akkenjenov qeyd edib ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə bu marşrutun iqtisadi parametrlərinin (Qazaxıstan neftinin tranziti üçün - red.) yaxşılaşdırılması üzərində iş aparılır. Bununla belə, onun qiymətləndirməsinə görə, iqtisadi nöqteyi-nəzərdən Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu BTC marşrutundan geri qalacaq.

Eyni zamanda, nazir bildirib ki, Qazaxıstan əlavə istiqamətlərdən istifadəni istisna etmir: "Lazım gələrsə, Bakı-Tbilisi-Qars, Bakı-Supsa, eləcə də digər mövcud marşrutları təshih edəcəyik".

O vurğulayıb ki, Qazaxıstan neftinin daşınması üçün bütün mövcud istiqamətlər üzrə işlər iqtisadi məqsədəuyğunluq və bazardakı cari vəziyyət nəzərə alınmaqla davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti