Azərbaycan tarixində ilk dəfə 4 400 metr dərinlikdə üfüqi neft quyusu qazılacaq

Azərbaycan tarixində ilk dəfə 4 400 metr dərinlikdə üfüqi neft quyusu qazılacaq Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparan "GL Group", Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatm
Energetika
6 Dekabr , 2024 13:25
Azərbaycan tarixində ilk dəfə 4 400 metr dərinlikdə üfüqi neft quyusu qazılacaq

Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparan "GL Group", Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4 400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan üfüqi neft quyusu qazacaq.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

"Qeyd olunan üfüqi quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyacaq və həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha irimiqyaslı qazma təşəbbüsü çərçivəsində yerinə yetiriləcək. Bu həftə "GL Group" həm yerli, həm də beynəlxalq qazma şirkətlərini dəvət edərək qazma xidmətləri üçün tender elan edib. Qazma işləri çərçivəsində "GL Group"un Azərbaycanın neft-qaz sektorunda innovasiya və əməliyyat mükəmməlliyinə nail olmaq hədəflərini dəstəkləyən yeni texnologiyalardan istifadə ediləcək", - məlumatda deyilir.

Bu ilin əvvəlində "GL Group", özünün afilə şirkəti olan "Taghiyev Operating Company" əməliyyat şirkətinin istismar etdiyi “Buzovna-Maştağa” və “Qala” yataqlarında 6 yeni quyunun qazma işlərini vaxtından əvvəl, insidentsiz və ətraf mühitə tam təsirsiz şəkildə başa çatdırıb. Bildirilir ki, hazırda bu 6 quyuda hasilat ilkin proqnozları üstələyib.

Məlumatda qeyd olunur ki, "GL Group" həmçinin özünün afilə şirkəti olan "Salyan Oil Limited" əməliyyat şirkətinin istismar etdiyi “Kürsəngi” və “Qarabağlı” yataqlarında 19 il davam edən baza hasilat düşməsinə son quyub və hazırda əhəmiyyətli kapital sərmayələr qoymadan həyata keçirilən istismar səmərəliliyi proqramları sayəsində bu yataqlarda hasilat artımına da nail olub.

“Bu qazma proqramı GL Group üçün irəliyə doğru atılan mühüm addımdır. Qabaqcıl qazma metodlarının və əməliyyat səmərəliliyi təşəbbüslərinin vəhdəti regionda quruda yeni hasilat standartlarının müəyyənləşdirilməsi ilə nəticələnəcək”, - deyə "GL Group"un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov qeyd edib.

Qeyd edək ki, "GL Group"un portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. "GL Group" 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100 % pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 % payını satın alıb.

Son xəbərlər

Orphus sistemi