Təhsil tələbə kreditinin (TTK) qaytarılması qaydası açıqlanıb.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən borcalan tələbə təhsil kreditini bu Qaydanın TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması yarımbəndi ilə müəyyən edilmiş qaydada əvvəlcədən təsdiq edilmiş ödəniş cədvəli üzrə qaytaracaq.
Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranacaq. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanacaq.
Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranacaq.
Bu Qaydanın 7.3-cü (TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır) və 7.4-cü (Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır) bəndlərində mövcud olan hallarda ödəniş cədvəli həmin halların yarandığı gündən başlayaraq yenidən tərtib ediləcək.
TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:
- yuxarı təhsil səviyyəsində əyani təhsil;
- həqiqi hərbi xidmət;
- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
- işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.
Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir. TTK-yə görə möhlət yuxarıda göstərilən halları təsdiq edən sənədlər müvəkkil banka təqdim edildikdə veriləcək. Bu sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.
TTK vaxtından əvvəl qaytarıla bilər. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu Qaydanın 7.12-ci (Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Belə olan halda bu Qaydanın 5.2.2-ci yarımbəndinə uyğun olaraq kredit müqaviləsi bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş razılığı əsas götürülür) və 7.14-cü (Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın bu Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən notariat qaydasında təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank sistemə inteqrasiya olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də bank hesabları barədə məlumatları əldə edir) bəndləri ilə müəyyən edilmiş qaydada tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.
Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcək. Belə olan halda bu Qaydanın 5.2.2-ci yarımbəndinə (5.2.2. tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə) uyğun olaraq kredit müqaviləsi bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş razılığı əsas götürüləcək.
Borcalanın əmək fəaliyyəti ilə məşğul olması halı sistemə inteqrasiya olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən ediləcək. Müvəkkil bank bu sistemə çıxış əldə edərək, əməkhaqqından kredit üzrə ödənişlərin tutulması barədə borcalanın notariat qaydasında təsdiq olunmuş razılığını işəgötürənə göndərərək ödənişləri tələb edəcək.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın notariat qaydasında təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank sistemə inteqrasiya olunmuş İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də bank hesabları barədə məlumatları əldə edəcək.
Borcalan TTK üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə bu Qaydanın 6.8-ci bəndində (Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən edilir) göstərilən hallar istisna olmaqla TTK üzrə defolt halı baş verdikdə, müvəkkil bankın Fond qarşısında hər hansı maliyyə öhdəliyi yaranmayacaq.