Ukraynanın İrpen şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Bakıdakı Akademik Zərifə Əliyeva adına liseydə olublar.
“Report” xəbər verir ki, ukraynalı məktəblilərin Azərbaycana səfərinin məqsədi ölkəmizin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq, təhsil ocaqlarına və mərkəzlərinə baş çəkməkdir.
Liseyin direktoru Fərqanə İsayeva qonaqları salamlayaraq bildirib ki, təhsil müəssisəsi respublikanın ən yaxşılarından biridir və lisey məzunları dünyanın ən yaxşı universitetlərində ali təhsil alırlar.
İrpen məktəbinin direktoru Valentina Antonenko isə bu görüşün məktəblilər üçün əlamətdar olduğunu vurğulayıb.
O əlavə edib ki, İrpendə Zərifə Əliyevanın adına park var və orada akademikin abidəsi də ucaldılıb: “Onun açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. İlham Əliyevin sayəsində məktəbimiz yenidən dirçəlib. Müharibə səbəbindən dağılan məktəbimiz qısa müddətdə bərpa olunub”.
Xatırladaq ki, hazırda İrpen məktəbində 2500 şagird təhsil alır. Məktəbin direktoru Azərbaycanın təhsil müəssisələri ilə daha sıx əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.