"Report"un redaksiyasına daxil olan məlumata görə, 28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan Əbabil quşu tapılıb. Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı operativ reaksiya verən qurum əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, Əbabil quşu onu tapan şəxsdən təhvil alınıb. Daha sonra Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. İ.İbrahimiova bildirib ki, quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq: "Bu nadir quşu köməksiz vəziyyətdə görüb nazirliyə xəbər verən vətəndaşa, həmçinin vəhşi təbiətə həssas münasibət göstərən hər kəsə minnətdarlığımızı bildiririk".
Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Bu quşlar gecə-gündüz havada qalır və uçarkən yatırlar, ümumilikdə ömürlərinin 80 faizdən çoxunu uçaraq keçirərlər. Bu canlılara yerdə çox nadir hallarda rast gəlmək mümkündür.