Dekabrın 7-də Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, görüş Danil monastırında baş tutub.
Görüş zamanı Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.
“Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibətlərdə xeyirxah ab-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə də müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir. Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək", - Rusiyanın Patriarxı deyib.
Görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxına xalça üzərinə həkk olunmuş portretini hədiyyə edib.