Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib.
“Report”un cənub bürosunun məlumatına görə, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən regionlarda təşkil edilən maarifləndirmə tədbirlərinin davamı olaraq baş tutub.
Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahəyə göstərilən münasibətdən, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə milli-mənəvi dəyərlərə diqqət və qayğısından, nümunəvi tolerantlıq mühitindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər.
Sədr müavini qeyd edib ki, Azərbaycan sahib olduğu multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir.
G.İsmayılov cənub bölgəsində, Astarada yüz illərdir sünni və şiələrin birgə ibadət etdiyi məscidlərin olduğunu, “Heydər” məscidində qılınan vəhdət namazlarının Azərbaycan gerçəkliyini əks etdirdiyini söyləyib.
Regional konfrans işini panel sessiyalarla davam etdirib.
Çıxışlardan sonra səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini maarifçilik işinin təsir gücünün artırılmasında din xadimlərinin özünəməxsus rolunun olduğunu vurğulayıb.
Din xadimlərinin və dini icmaların fəaliyyəti, onların qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunun keçirilməsinin önəmini qeyd edib.