Din Xadimlərinin II Forumunun iştirakçıları İlahiyyat İnstitutunda olub

Din
  • 23 dekabr, 2025
  • 15:12
Din Xadimlərinin II Forumunun iştirakçıları İlahiyyat İnstitutunda olub

Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsi nəzərdə tutulan Din Xadimlərinin II Forumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda olublar.

"Report"un məlumatına görə, görüşdə çıxış edən rektor Aqil Şirinov iştirakçılara məlumat verib ki, institut Qazaxıstan, Türkiyə, Özbəkistan, Malaziya, İndoneziya, Amerika və s. ölkələrdə fəaliyyət göstərən bir sıra təhsil müəssisələri ilə əməkdaşlıq edir.

A.Şirinov bildirib ki, hər il iki nəfər tələbə təcrübə qazanmaq üçün sözügedən ölkələrə göndərilir.

Rektor həmçinin institutda təhsil alanlar üçün bir çox imkanların yaradıldığını qeyd edib:

"Burada tədris ödənişsizdir. Bununla yanaşı, digər ali təhsil müəssisələrindən fərqli olaraq tələbələrə qida təminatı üçün əlavə ödənişlər verilir. Eyni zamanda burada təhsil alan tələbələrin kəsri olmadığı müddətdə təqaüd əldə etmək imkanları var. Daha bir fərqimiz 100 faizlik təqaüd proqramının olmasıdır".

Forumun iştirakçıları bu gün həmçinin Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını və Dağ yəhudiləri sinaqoqunu da ziyarət edəcəklər.

Qeyd edək ki, Din Xadimlərinin II Forumu bu il dekabrın 24-də keçiriləcək.

Tədbirə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxslərinin dəvət edilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti