Azərbaycan milli, dini və etnik müxtəliflik baxımından Şərqi Avropanın, o cümlədən Cənubi Qafqazın ən zəngin dövlətidir. Ölkənin bütün vətəndaşlarının etnik xüsusiyyətləri nəzərə alınır, qorunur və inkişafı üçün şərait yaradılır.
Hələ 1992-ci ildə imzalanan “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” fərmanla ölkənin bütün etnik və dini azlıqlarının hüquqları qorunur.
1995-ci ildə Prezident Heydər Əliyevin dövründə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında da bu məsələ öz əksini tapıb. Əsas Qanunun 48-ci maddəsində bildirilib:
“Hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var”.
Konstitusiyanın 25-ci maddəsində “Bərabərlik hüququ” ölkədə bu sahədəki məsələləri həll edir: “Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov “Report”a açıqlamasında bildirir ki, Azərbaycan hüquqi, dünyəvi və demokratik respublikadır:
“Dövlətin siyasətində din amili özünəməxsus yer tutur. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətlə din arasında münasibətlər çox möhkəmdir. Bu möhkəmliyin əsasını ulu öndər Heydər Əliyev qoyub. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan ümummilli lider hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna başlamaqla yanaşı, sağlam təməllər üzərində dövlət-din münasibətlərini də formalaşdırdı. Fərəhləndirici haldır ki, dahi şəxsiyyətin dini-mənəvi dəyərlərin qorunması və dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Aparat rəhbəri qeyd edir ki, Prezident İlham Əliyev ulu öndərin nəcib əməllərini, əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşır: “Təbii ki, belə əhəmiyyətli siyasətin düzgün qurulmasında, formalaşmasında dövlət qədər cəmiyyətin, xüsusilə media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması önəm kəsb edən məqamlardandır. Vurğulamaq lazımdır ki, milli mətbuatımız, anadilli jurnalistikamız dövlətçiliyimizin bərpası və tərəqqisində mühüm xidmətlər göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf əldə edilib. Azərbaycan mətbuatı hər zaman milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşıb, onların müdafiəsində dayanıb. Bu gün müasir, qloballaşan dünyada dəyərlərimiz, özəlliklə də dini dəyərlərimizlə bağlı informasiyaların təhrif edilmədən olduğu kimi cəmiyyətə ötürülməsinə böyük ehtiyac var”.
Dövlət Komitəsinin rəsmisi müsbət işlərdən həvəslə danışır, amma bəzi məsələlərin təəssüf doğurduğunu da söyləyir. Onun fikrincə, müasir dünyada sosial şəbəkə və media yalnız düzgün informasiyalar yayımlamır: “Əfsuslar olsun ki, bu virtual məkandan məkrli insanlar, destruktiv qüvvələr də öz bədxah məqsədlərinə uyğun istifadə edərək geniş kütlələrə, xüsusilə gənclərə təsir etməyə çalışırlar, onları yalnış istiqamətə yönləndirməyə cəhd göstərirlər. Məhz bu nüans medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Dünya təcrübəsi göstərir ki, bəzən hansısa bir mətbu orqanda dinlə bağlı gedən yalnış bir yazı böyük çaxnaşma, qarşıdurma yaradır. Ona görə də bu məsələdə həssas olmaq çox vacibdir”.
O qeyd edir ki, dövlətin dini siyasətini həyata keçirən qurum media nümayəndələrinin dini maarifləndirmə və aranı qatmaq istəyən qüvvələrə qarşı mübarizədəki fəaliyyətindən razıdır, amma bəzi umacaqları da var.
A.Cavadov hesab edir ki, yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, İslamı və digər dinləri tənqid edən qüvvələrə qarşı mübarizədə xüsusilə media nümayəndələri fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər: “Bu gün Azərbaycan mətbuatı dini radikalizmə qarşı mübarizə məsələsində mühüm rol oynayır, maarifləndirici və təhlil xarakterli yazılar dərc edir. Dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizm və ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunması, həmçinin təbliğində media xüsusi önəm daşıyır. Dinin siyasiləşdirilməsi, milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması, dünyəvi təhsilə və dünyəviliyə qarşı cəhdlər, məzhəbçiliyin yayılması kimi din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var ki, onların aradan qaldırılmasında Azərbaycan mətbuatının rolu, dəstəyi danılmazdır.
Qeyd etmək lazımdır ki, populyar mədəniyyətin ən effektiv yönü başqalarına təsir edə bilmək üçün mediadan istifadə etməsidir. Bütün media vasitələri mədəniyyət istehsalında güclü təsirə malikdirlər. Azərbaycanda mövcud olan birgəyaşayış, multikultural dəyərlərin, tolerant mühitin təbliğində də medianın rolu böyükdür. Ümumilikdə mətbuatımıza nəzər salsaq, son dövrlərdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində xeyli işlər görülüb və görülməkdədir”.
Azərbaycanın ən qədim məscidi Şamaxı Cümə məscidinin imamı Mərhəmət Mustafayev “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda, bütün Qafqazda İslam dininin yayılmasında 743-cü ildə inşa olunan Şamaxı Cümə məscidinin çox böyük rolu olub: “Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilib. Azərbaycan xalqı öz dini və milli-mənəvi ənənələrinə sadiqdir. Ölkədə din, vicdan azadlığı tam şəkildə təmin edilir. Həmçinin Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dini konfessiyalara bərabərhüquqlu münasibət göstərilir. Hər kəs dini inancına görə sərbəstdir. Bu, bizim dövlət-din münasibətlərinin əsasını təşkil edir. İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir”.
İmam qeyd edir ki, “Dini etiqat azadlığı haqqında” qanuna əsasən, insanlar öz ibadətlərini sərbəst şəkildə, heç bir maneəyə rast gəlmədən yerinə yetirirlər: “Din sahəsində mənəvi baxımdan çox ciddi irəliləyişlərə nail olunub. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən çoxdur. Bu, onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməyiblər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlayaraq yaşadıblar. Onu da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizdəki məscidlərdə azan səsinin eşidilməsi Azərbaycan dövlətinin öz mömin vətəndaşının dini etiqad və vicdan azadlığının zəmanəti deməkdir”.
M.Mustafayev bildirir ki, Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan Şamaxı Cümə məscidini ziyarətə gəlirlər: “Hətta bir günə 200-dən çox qeyri-islam mənsublu vətəndaş 14 əsrə yaxın tarixi olan məscidi ziyarət edir. Məscidimizdə dünyanın az yerində olan üç mehrab var və orada müxtəlif məzhəbin nümayəndələri eyni anda ibadət edə bilər. Bu da Azərbaycan dövlətinin tolerant olmasından xəbər verir. Medianın bu sahədəki rolundan danışmağa gəlincə, əsgərin səngəri düşmənlə üzbəüzdürsə, medianın da səngəri dünya həqiqətlərini ictimaiyyətə doğru şəkildə çatdırmaqdır. Ölkə mediasının bu sahədə rolu danılmazdır”.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev “Report”a açıqlamasında bildirib ki, Katolik Kilsəsinin etiqad və vicdan azadlığına münasibəti və bu sahə üzrə mövqeyi XX əsrin ortalarında keçirilmiş II Vatikan Kilsə Məclisinin “İnsan şəxsiyyətinin ləyaqəti” (Dignitatis humanae) adlı bəyannəməsində öz əksini tapır: “Bu bəyannəmə yalnız Katolik Kilsəsi üçün yox, eyni zamanda bütün dini qrupların etiqad azadlığının təmin olunmasına çağırır, lakin dini sahədə hər hansı bir məcburiyyəti, hər hansı bir dinin etiqad edilməsinə (və ya əksinə dindən imtina etməyə) yönəlmiş mənəvi, ictimai və ya inzibati təzyiqləri qəti pisləyir”.
“Bəşər övladı öz təbiətinə görə dini təfəkkürə sahibdir” – deyən T.Ağayev vurğulayır ki, insanın dini-mənəvi axtarışları tam azadlıq şəraitində və onun vicdanına uyğun aparılmalıdır: “Din eyni zamanda əqidə deməkdir. Din şüurlu şəkildə etiqad edilməlidir. Heç bir insan doğuluşdan hər hansı bir əqidəyə sahib olmur, yaşa dolduqca, ətraf aləm haqda bilgiləri artdıqca əqidə toplumuna sahiblənir, onların içində də dinin xüsusi yeri var. Söhbət Azərbaycandan gedirsə, bizim cəmiyyət həyatın mənəvi ölçüsünə xüsusi önəm verir. Ölkədə etiqad azadlığı tam təmin olunub. Azərbaycan dünyavi dövlətdir və ölkədə bütün dinlər, etiqadçılarının sayına baxmayaraq anun qarşısında bərabərdir. Bu amil Azərbaycan kimi çoxkonfessiyalı bir ölkədə dinlərarası sülhün, dini həmrəyliyin formalaşmasında, qorunmasına və inkişaf etdirilməsində mühum rol oynayır. Eyni zamanda Azərbaycan dövlət din sahəsinə xüsusi önəm verir, dinlər arası dialoqun təşəbbüskarı kimi çıxış edir, bu dialoqa bütün zəruri dəstəyi verir”.
“Lakin, eyni zamanda onu da gözdən qaçırmaq olmaz ki, hərdən etiqad azadlığından sui-istifadə halları baş verir, din siyasi məqsədlər üçün alətə çevrilir. Belə hallarda dövlətin milli təhlükəsizliyin, mövcud ictimai və dini sabitliyin qorunmasına yönəlmiş qanuna uyğun tədbirləri çox vaxt “etiqad azadlığına qarşı olan addımlar” kimi qələmə verilir. Belə anlayışların əvəzlənməzi yolverilməzdir. Bu gün Azərbaycanda heç kəs- müsəlman, xristian, yəhudi və ya başqası dinsiz olduğu üçün təqib edilmir. Dövlət bütün ənənəvi dinlərə aid olan məbəd və ibadətgahların təmirinə, yenilərinin tikintisinə dəstək verir. Ölkədə məscidlərin, kilsələrin, sinaqoqların sayı azalmır, əksinə artır. Müsəlman məscidində, xristian kilsəsində, yahudi isə sinaqoqunda sərbəst şəkildə dua edir. Yetər ki insanların inancları başqasının fərdi azadlığına, vicdan azadlığına və ləyaqətinə toxunmasın, Azərbaycan dövləti və xalqının mənəvi rifahına xidmət etsin” – mətbuat katibi əlavə edib.
Medianın bu sahədəki roluna toxunan T.Ağayev təəssüf hissi ilə bildirir ki, bəzi hallarda dini sahə media üçün reytinq xatirinə alət, yaxud da qısamüddətli sifarişli məqsədlərə çatmaq üçün vasitə kimi istifadə olunur:
“Dinlərarası yox, fərqli dinlərə mənsub hansısa fərdlərin mənfi hərəkətlərinə aşırı diqqət cəlb olunur. Dindarların hissiyatları ilə oynanılır. Eyni zamanda auditoriyanın marağını və rəğbətini asan və ucuz yol ilə qazanmaq üçüm yolverilməz ümumiləşdirilmələrə əl atılır. Bunu edən media sahəsinin işçiləri ən azı bu hərəkətlərin nə qədər məsuliyyətsiz olduğunu dərk etməlidir. Demirəm ki, biz dini sahə ilə bağlı hər hansı bir senzura tədbiq etməliyik. Əsla! Lakin bu sahənin kütləvi informasiya vasitələrində işıqlandıran insanlar xüsusilə seçilməli, onlarda həm daxili mənəvi “senzura” olmalı, həm də ən əsası - niyyətləri xoş, dinə münasibətləti isə ən azı neytral olmalıdır. İslamı, xristianlığı və yəhudiliyi birləşdirən o qədər gözəl dəyərlər var ki, ölkəmizdə bu dinlərə etiqad edən fərdlərin arasında olan səmimi dostluq, qarşılıqlı hörmət, əməkdaşlıq nümunələri kifayət qədərdir. Lakin nədənsə dünyada baş verən mənfi hadisələrə daha çox diqqət cəlb edilir. Bu baxımdan düşünürəm ki, ölkədə dini sabitliyin və əmin-əmanlığın qorunmasında media işçilərin məsuliyyəti və rolu böyükdür”.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün sınaq dövrü idi. Həmin savaşdan və sınaqdan ölkənin hər vətəndaşı qalib, alnıaçıq, üzüağ çıxdı. Bu, Azərbaycan cəmiyyətinin daha mədəni və tolerant olmasının sübutdur. Bütün bunlar Azərbaycandakı vicdan azadlığı və mədəni azadlığın nəticəsidir. Belə azadlıqlar isə cəmiyyətin birliyinin təməlidir.
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.