Tunis milli ordusunun bölmələri nümayişçilərin Kasserin vilayətindəki "Transstunis Qaz Boru Kəmərinin İstismarı Cəmiyyəti"nin ofisini ələ keçirməsinin qarşısını almaq üçün silahlardan istifadə etmək məcburiyyətində qalıb.
“Report” xəbər verir ki, bu barədə “ Business news” informasiya portalı məlumat yayıb.
Portalın yazdığına görə, ölkədə pisləşən iqtisadi vəziyyətə qarşı etiraz edən şəxslərlə yerli hakimiyyət nümayəndələri arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsi bölgədə yeni gərginliyə səbəb olub.
Nümayişçilər yanan təkərlərlə yolları bağlayıb və ərazidə olan hərbi qulluqçulara qarşı daş və molotof kokteyllərindən istifadə edərək qaz şirkətinin ofisinə basqın etməyə çalışıblar.
Kütləni sakitləşdirmək və dağıtmaq üçün hərbçilər havaya xəbərdarlıq atəşi açıb. Ümumilikdə nümayişçilərlə toqquşmalarda iki hərbçi yaralanıb.
Qaz şirkəti qarşısında etiraz aksiyası bir neçə həftədir davam edir. Aksiya iştirakçıları bildirib ki, tələbləri yerinə yetirilməsə Əlcəzairdən Tunisə təbii qaz tədarük edən qaz kəmərinin işini dayandıracaqlar.