Tramp öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə sədr təyin edib

Tramp öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə sədr təyin edib ABŞ-nin seçilmiş prezident Donald Tramp Li Zeldini (Nyu-York ştatından keçmiş konqresmen) öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) sədr təyin edib.
Digər ölkələr
12 Noyabr , 2024 05:14
Tramp öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə sədr təyin edib

ABŞ-nin seçilmiş prezident Donald Tramp Li Zeldini (Nyu-York ştatından keçmiş konqresmen) öz administrasiyasında Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) sədr təyin edib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu “Truth Social” bəyanat yayıb.

Tramp Zeldini “Öncə Amerika” siyasətinin əsl mübarizi” kimi tərif edib.

“O, Amerika biznesinin gücünü sərbəst buraxmaqla yanaşı, planetdəki ən təmiz hava və su da daxil olmaqla ən yüksək ekoloji standartları qoruyaraq, ədalətli və sürətli derequlyasiya qərarlarının qəbul edilməsini təmin edəcək. O, Amerika Birləşmiş Ştatlarının sağlam və yaxşı strukturlaşdırılmış şəkildə böyüməsinə imkan verəcək ekoloji nəzarət və texniki xidmət üzrə yeni standartlar müəyyən edəcək”, – bəyanatda qeyd olunub.

Zeldin “EPA-nın sədri kimi Prezident Trampın Kabinetinə qoşulmağın şərəf olduğunu” deyib.

“Biz ABŞ-nin enerji dominantlığını bərpa edəcək, Amerika iş yerlərini geri qaytarmaq üçün avtomobil sənayemizi canlandıracaq və ABŞ-ni süni intellekt sahəsində qlobal liderə çevirəcəyik. Biz bunu təmiz hava və suya çıxışı qorumaqla edəcəyik”, – Zeldin sosial şəbəkədə yazıb.

Vəzifə Senatın təsdiqini tələb edir. Yeni Konqresin yanvardakı andiçməsindən sonra respublikaçılar sözügedən palatada çoxluğa malik olacaqlar.

EPA-nın 2024-cü maliyyə ili üçün büdcəsi 9,1 milyard dollardır. Agentlikdə 15 130 işçi çalışır.

Trampın bəyanatından sonra Zeldin “Fox News”a müsahibəsində Amerika şirkətlərinin çətinliyə düşməsinə səbəb olduğunu söylədiyi “qaydaların ləğv edilməsi” səylərini prioritetləşdirəcəyini açıqlayıb.

“Bu ölkənin sol qanadının tənzimləyici hakimiyyət vasitəsilə müdafiə etdiyi elə qaydalar var ki, nəticədə bizneslər səhv istiqamətdə gedir”, – o vurğulayıb.

Trampın addımını şərh edən “Politico” qəzeti EPA sədri vəzifəsinə təyinatın adətən bu qədər tez elan edilmədiyinə diqqət çəkib. Qəzet xatırladıb ki, 2016-cı ildə Tramp sözügedən vəzifəyə təyinatı dekabr ayının əvvəlində açıqlamışdı. Hazırkı əsas kampaniya mövzuları enerji və immiqrasiya olan Tramp yeni sərhəd rəhbərini təyin etdikdən bir gün sonra Zeldinin təyinatını elan edib.

“Politico” yazıb ki, Tramp və digər respublikaçılar Bayden dövründə EPA-nı iqtisadiyyata mane olan qurum kimi tənqid edib, onu enerji qiymətlərini artırmaqda və Amerika istehlakçılarına elektrikli avtomobilləri məcbur etməkdə günahlandırıblar. Nəşrə görə, bu təyinat Trampın təcrübəsi olan namizədlər əvəzinə siyasi müttəfiqlərinə üstünlük verdiyinin göstəricisidir.

Qeyd edək ki, 44 yaşlı Li Zeldin 2010-cu ildə fəaliyyətdə olan demokrat senator Brayan Folini məğlub edərək Nyu-York ştatının Senatına seçilib, 2012-ci ildə ikinci müddətə yenidən seçilib.

2008-ci ildə Nyu-York ştatından ABŞ Nümayəndələr Palatasına seçilməyə cəhd etsə də, demokrat Tim Bişopdan üstün ola bilməyib. 2014-cü ildə yenidən ona qarşı seçkilərdə iştirak etməyə qərar verib və bu dəfə seçicilərin 54 % səsini toplayaraq qalib gəlib.

2022-ci ilin iyulunda Nyu-York ştatının Perinton qəsəbəsində seçiciləri qarşısında seçkiqabağı çıxışı zamanı hücuma uğrayıb.

Son xəbərlər

Orphus sistemi