Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib

Ədəbiyyat
  • 19 oktyabr, 2026
  • 15:33
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib

Ankarada oktyabrın 19-da Azərbaycanın və türk dünyasının mütəfəkkir şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş Nəsimi Simpoziumu keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürü Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Türk Kültürü Araşdırmaları İnstitutunun rəhbəri, professor Ahmet Bican Ercilasun çıxışında Nəsiminin Azərbaycan ədəbiyyatına və Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinə verdiyi töhfələrdən danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Nəsimi yaradıcılığının bəşəri əhəmiyyətini vurğulayaraq bildirib ki, şairin əsərləri əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Onun sözlərinə görə, Nəsimi poeziyası insanlara müdriklik aşılayır, mənəvi yüksəlişə və şəxsiyyət azadlığına çağırır.

R. Aslanov Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlər arasında İmadəddin Nəsiminin xüsusi yer tutduğunu vurğulayıb. O, Nəsimini Azərbaycan türkcəsini və qəzəl janrını fəlsəfi məzmunla zənginləşdirən şairlərdən biri kimi səciyyələndirib. Səfir diqqətə çatdırıb ki, şair yaşadığı dövrdə bəzi dairələr tərəfindən qəbul edilməyib və təqiblərə məruz qalıb.

O, şairin məşhur "Mən bu cahana sığmazam" ifadəsinin dərin fəlsəfi məna daşıdığını, insanın ali varlıq kimi təqdim edilməsini əks etdirdiyini bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə Azərbaycan klassik ədəbi irsinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O, İmadəddin Nəsimi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai kimi mütəfəkkirlərin yaradıcılığının Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya mədəniyyətinə də mühüm töhfələr verdiyini qeyd edib.

Professorlar İsmet Çetin və İbrahim Maraş, AMEA-nın dosenti Səadət Şıxıyeva və Qüdsiyə Məmmədova çıxışlarında Nəsiminin yaradıcılığını, Türk düşüncəsindəki mövqeyini və Azərbaycan ədəbi dilinin inkişafına təsirini təhlil ediblər.

Bildirilib ki, Nəsimi irsinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm mərhələ şairin 600 illik yubileyinin 1973-cü ildə UNESCO çərçivəsində qeyd olunması olub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən yubiley tədbirləri şairin yaradıcılığının daha geniş miqyasda tədqiqi və təbliğinə təkan verib. 1979-cu ildə Bakıda Nəsiminin abidəsi ucaldılıb.