"The Nation": Tailand HDQ Kamboca hərbçilərini öz ərazisindən çıxarmaq üçün əməliyyata başlayıb
- 09 dekabr, 2025
- 07:33
Tailand Hərbi Dəniz Qüvvələri (HDQ) Kamboca hərbçilərini öz ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.
Tailand kəşfiyyatı Kamboca ordusunun qüvvə və vasitələrinin Tailandın suveren ərazisində, sərhəd bölgəsində cəmləşdiyini aşkar edib.
"Tailandın səbirli olmasına və dialoq qurmaq üçün davamlı səylərinə baxmayaraq, Kamboca qüvvələri Tailand ərazisindən çıxarılmayıb. Əksinə, onlar öz bölmələrini xüsusi təyinatlı qruplar, snayperlər və yaylım atəşli reaktiv sistemlərlə gücləndirib, həmçinin öz mövqelərini və taktiki qurğularını Tailandın suverenliyinə açıq şəkildə təsir edəcək formada yaxşılaşdırıblar", - deyə HDQ-nin mətbuat katibi Parat Rattanacayfan bildirib.
Rattanacayfan qeyd edib ki, Kamboca qoşunları müdafiə xəndəkləri qazıb, ağır silahlar yerləşdirib və Tailand mövqeləri ilə hərbi obyektlərini daimi müşahidə altında saxlamaq üçün PUA-lardan istifadə edib.
"Suverenliyi qorumaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün Tailand Kral Hərbi Dəniz Qüvvələrinin və müvafiq təhlükəsizlik xidmətlərinin Kamboca qüvvələrini Tailandın suveren ərazisindən çıxarmaq üçün hərbi əməliyyatlar keçirməkdən başqa seçimi qalmayıb", - deyə o əlavə edib.
Xatırladaq ki, Kamboca və Tailand arasındakı vəziyyət dekabrın 8-də kəskinləşib.