ABŞ-nin Avropa Komandanlığının direktor müavini Ermənistanda səfərdədir
- 10 dekabr, 2025
- 15:42
ABŞ-nin Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini Ermənistana səfər edib.
"Report" ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-in Ermənistandaki səfirliyi məlumat yayıb.
"Briqada generalı Kris Makkinninin başçılıq etdiyi nümayəndə heyəti avqustun 8-də Ağ Evdə keçirilən sammitdə əldə olunmuş razılaşmaları dəstəkləmək üçün Ermənistana səfər edib", - məlumatda qeyd olunub.
Diplomatik nümayəndəliyin məlumatına görə, ABŞ-nin Avropa Komandanlığı "kimyəvi, bioloji, radiasiya və nüvə müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin silahlı qüvvələrin davam edən modernizasiyası da daxil olmaqla, davamlı sülhə töhfə verən ümumi məqsədlərə nail olmaq üçün" Ermənistanın daxili işlər və müdafiə nazirlikləri ilə əməkdaşlıq edir.
Xatırladaq ki, general-mayor Kris Makkini 30 noyabr - 3 dekabr tarixlərində Bakıda səfərdə olub.