Rusiya Ukrayna ərazisinə ən böyük hava hücumlarından birini həyata keçirib

Digər ölkələr
  • 23 dekabr, 2025
  • 12:56
Rusiya Ukrayna ərazisinə ən böyük hava hücumlarından birini həyata keçirib

Rusiya dekabrın 23-nə keçən gecə 650-dən çox zərbə pilotsuz uçuş aparatı və 30 müxtəlif növ raketdən istifadə etməklə Ukrayna ərazisinə ən böyük hava hücumlarından birini həyata keçirib.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.

Onun sözlərinə görə, hücumun əsas hədəfi enerji infrastrukturu obyektləri olub. Hücum nəticəsində ölkə ərazisində elektrik enerjisinin verilişində tətbiq edilən fasilələr enerji sistemində vəziyyət sabitləşdikdən sonra ləğv ediləcək.

Qeyd olunur ki, hücum müxtəlif istiqamətlərdən həyata keçirilib. Rusiya "Şahid" tipli kamikadze dronlarından, Tu-95MS və Tu-160 təyyarələrindən buraxılan qanadlı raketlərdən, "Kalibr" raketlərindən və MiQ-31K təyyarələrindən atılan "Kinjal" aeroballistik raketlərindən istifadə edib. Raket zərbələri əsasən ölkənin mərkəzi və qərb bölgələrinə endirilib.

Səhər saatlarında Rusiya qüvvələri Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, paytaxtda yaralananların sayı beş nəfərə çatıb. Svyatoşinski rayonunda beşmərtəbəli binanın damı qismən dağılıb, fasadı zədələnib.

Artıq ikinci gündür ardıcıl olaraq kütləvi aviazərbələrə məruz qalan Jitomir vilayətinə böyük ziyan dəyib. Jitomir Vilayət Hərbi Administrasiyasının məlumatına görə, yaşayış evləri, özəl müəssisələr və mağaza zədələnib. İkisi uşaq olmaqla altı nəfər yaralanıb.

Vilayət hərbi administrasiyaları və qəza xidmətləri bütün mövcud resurslardan istifadə edərək bərpa işlərini davam etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti