Rusiyanın Ukraynada sərnişin qatarını atəşə tutması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB-3
- 04 oktyabr, 2025
- 19:49
Ukraynanın Sumı vilayətinin Şostka şəhərinin dəmir yolu vağzalında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurduğu qatarlardan birinin vaqonunda 71 yaşlı kişinin meyiti tapılıb.
"Report"un Sumı vilayəti prokurorluğuna istinadən verdiyi xəbərə görə, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi - insan ölümü ilə nəticələnən hərbi cinayətlərin törədilməsi ilə tövsif edilib.
Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın vağzala hücumu nəticəsində üçü uşaq olmaqla, yeddi nəfərin yaralandığını bildirmişdi.
"Sərnişin avtomobillərindən biri yanıb. Yanğının söndürülməsi zamanı xilasedicilər dəfələrlə atəşə tutulub, lakin xoşbəxtlikdən xəsarət alan olmayıb. Təhlükəyə baxmayaraq, yanğın tamamilə söndürülüb", - Daxili İşlər Nazirliyinin "Telegram" kanalında yayılan məlumatda qeyd olunub.
Şostkada dəmir yolu vağzalına endirilən zərbə nəticəsində hospitalizasiya olunan səkkiz nəfərdən birinin vəziyyəti ağırdır və o, reanimasiyaya yerləşdirilib.
"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə əsasən, Sumı hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov yaralananlar arasında üç uşağın da – 8, 11 və 14 yaş - olduğunu deyib.
O qeyd edib ki, Şostka şəhəri və rayonun bir hissəsi işıqsız qalıb.
Rusiya ordusunun Sumı vilayətində Şostka şəhərinin dəmir yolu vağzalına zərbəsi nəticəsində oktyabrın 4 və 5-də bir sıra qatarların reysləri təxirə salınıb.
"Report"un RBK-Ukrayna agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Ukrayna Dəmir Yolları"nın xəbərində deyilir.
Ukrayna ərazilərinin və icmaların inkişafı naziri Aleksey Kuleba bildirib ki, Rusiya ordusu vağzala iki dəfə zərbə endirib:
"Birinci zərbə lokomotivə dəyib. Sonradan evakuasiya başlayanda ruslar ikinci zərbəni endiriblər".
Rusiya ordusunun Ukraynanın Sumı vilayətində sərnişin qatarına zərbəsi nəticəsində ən axı 30 nəfər yaralanıb.
"Report"un UNİAN-a istinadən verdiyi xəbərə əsasən, Sumı vilayətinin hərbi rəhbəri Oleq Qriqoryev bildirib ki, zərbəyə məruz qalan Qatar Şostka-Kiyev marşrutu üzrə hərəkət edirdi.
Bildirilir ki, zərbə nəticəsində vaqonda yanğın baş verib.
VİDEO-