Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib
- 07 dekabr, 2025
- 00:31
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın son hücumları fonunda ukraynalı həmkarı Volodimir Zelenskiyə bir daha dəstəyini ifadə edib.
"Report"un məlumatına görə, Makron bunu Zelenski ilə telefon danışığının nəticələri barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Az əvvəl prezident Zelenski ilə danışdım. Son Rusiya hücumlarını pislədiyimizi təsdiqlədim və Ukraynaya həmrəyliyimi bildirdim. Beynəlxalq müzakirələrimin nəticələrini, xüsusilə Çində apardığım danışıqları onunla bölüşdüm", – paylaşımda qeyd olunub.
Makron vurğulayıb ki, Fransa münaqişənin deeskalasiyasına və atəşkəsin əldə olunmasına nail olmaq üçün bütün tərəflərlə əməkdaşlıq etməkdə qətiyyətlidir.
"Bundan əlavə, biz bazar ertəsi Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə koordinasiyamızı davam etdirəcəyik. Bu, ukraynalılarla amerikalılar arasında aparılan son danışıqlar fonunda baş tutacaq", – o bildirib.
Makronun sözlərinə görə, avropalılar mütləq ədalətli və davamlı həllin əldə olunmasında əsas dayaqlardan biri olacaqlar.