Niderland və Ukrayna arasında silah tədarükü haqqında müqavilə imzalanıb - YENİLƏNİB
- 01 dekabr, 2025
- 17:39
Brüsseldə Aİ Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində Niderland və Ukrayna 250 milyon avro məbləğində əlavə maliyyə paketi haqqında saziş imzalayıb.
"Report"un Avropa bürosunun məlumatına görə, sənədi Niderland və Ukraynanın müdafiə nazirləri Ruben Brekelmans və Denis Şmıqal imzalayıblar.
Brekelmans bildirib ki, vəsaitlər PURL təşəbbüsü çərçivəsində hava hücumundan müdafiə sursatlarının, həmçinin F-16 üçün sursatların alınmasına yönəldiləcək.
O qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinin müzakirə olunduğu bir vaxtda Ukraynaya hərbi yardımın göstərilməsində heç bir ziddiyyət yoxdur.
Onun sözlərinə görə, birincisi, Rusiya Ukraynaya hücum etməyə davam edir və Kiyev özünü müdafiə etməlidir, ikincisi isə Rusiyaya təzyiq azaldılarsa, onu sülhə razı salmaq mümkün olmayacaq
Niderland ABŞ-nin PURL təşəbbüsü ("Ukraynanın prioritet ehtiyaclarının siyahısı") vasitəsilə Ukrayna üçün hava hücumundan müdafiə vasitələrinin və F-16 qırıcılarının döyüş sursatlarının alınmasına 250 milyon avro ayıracaq.
"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans "X" sosial şəbəkəsində bildirib.
"Ukraynaya Rusiyanın kütləvi hava hücumlarına qarşı təcili olaraq əlavə hərbi dəstək lazımdır. Niderland PURL təşəbbüsü çərçivəsində ABŞ-nin ehtiyatlarından hava hücumundan müdafiə vasitələrinin, F-16-lar üçün döyüş sursatlarının və s. tədarükü məqsədilə yenidən 250 milyon avro ayırır. Bu kritik vaxtlarda Ukrayna bizim dəstəyimizə güvənə bilər!", - o qeyd edib.