Macarıstanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb - YENİLƏNİB-5
- 12 aprel, 2026
- 21:44
Macarıstanda parlament seçkiləri üzrə səsvermə üçün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.
Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb. Bununla belə, həmin vaxt növbələrdə olan vətəndaşlara səs verməyə icazə verilib.
MSB-nin məlumatına görə, seçkilərdə iştirak həddi yoxdur, buna görə də səs verənlərin sayından asılı olmayaraq onlar baş tutmuş hesab olunur. Yerli vaxtla saat 18:30-a olan məlumata əsasən, seçici fəallığı 77,8% təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstərici olub.
Məntəqələr bağlandıqdan sonra protokolların yoxlanılmasına və səslərin sayılmasına başlanılıb. İlkin nəticələrin yerli vaxtla saat 20:00-dan sonra açıqlanması gözlənilir. Bundan əlavə, artıq "exit-poll" məlumatları da dərc oluna bilər.
Seçkilərdə parlamentdəki 199 yer bölüşdürülür, onlardan 93 mandat partiya siyahıları, daha 106 mandat isə birmandatlı dairələr üzrə paylanacaq.
Əsas mübarizə hakim "FİDES - Macar Vətəndaş İttifaqı" partiyası və Xristian-Demokratik Xalq Partiyasının koalisiyası ilə müxalifətçi "Tisa" partiyası arasında gedir.
Hakim koalisiyaya baş nazir Viktor Orban, "Tisa" partiyasına isə avrodeputat Peter Madyar rəhbərlik edir.
Proqnozlara görə, əsas rəqiblərdən başqa, Laslo Torotskainin rəhbərlik etdiyi "Bizim Vətən" partiyası da 5 faizlik baryeri keçərək parlamentə daxil ola bilər.
Macarıstanda parlament seçkilərində ölkə tarixində rekord seçici fəallığı qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 17:00-a qədər fəallıq 74,23% təşkil edib. Bu göstərici fəallığın 69,53% təşkil etdiyi 2022-ci il parlament seçkilərinin yekun nəticəsini artıq demək olar ki, 5 faiz bəndi üstələyir.
MSB-nin məlumatına görə, ən yüksək seçici fəallığı Budapeştdə müşahidə olunur, ölkənin digər regionlarında isə göstəricilər təxminən eyni olaraq qalır.
Bürodan qeyd ediblər ki, aralıq məlumatlar seçki məntəqələrinin bağlanmasına iki saat qalmış dərc olunub.
Xatırladaq ki, parlamentdəki 199 yerə "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyası və Xristian-Demokratik Xalq Partiyasından ibarət hakim koalisiya, həmçinin müxalifət olan "Tisa" partiyası iddia edir.
Hakim koalisiyaya Macarıstanın Baş naziri Viktor Orban, "Tisa" partiyasına isə avrodeputat Peter Madyar rəhbərlik edir.
Macarıstan parlament seçkilərində günorta seçici fəallığı rekord həddə - 54,14 %-ə çatıb.
"Report"un xəbərinə görə, bu barədə NVI məlumat verib.
Bu rəqəm 2022-ci ilin orta göstəricisindən 14 % yüksəkdir.
Macarıstan parlament seçkilərində yüksək fəallıq qeydə alıb.
"Report"un məlumatına görə, bunu "444.hu" saytının statistikası göstərir.
Budapeşt vaxtı ilə saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə, parlament seçkilərində seçici fəallığı əvvəlki seçkilərdən xeyli çox - 37,98 % təşkil edib.
Xatırladaq ki, 2022-ci il parlament seçkilərində seçicilərin yalnız 25,77 %-i səs verib, 2018-ci ildə isə bu rəqəm 29,93 % olub.
Bazar günü yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 08:00-da) Macarıstanda nəticələri hökumətin yeni tərkibini müəyyən edəcək ölkənin birpalatalı parlamentinə - Dövlət Məclisinə seçkilərdə səsvermə başlayıb.
"Report" xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq.
Seçkilərdə 199 mandat uğrunda mübarizə gedir: onların 93-ü partiya siyahıları üzrə, qalan 106-sı isə birmandatlı seçki dairələrində bölüşdürüləcək. Əsas rəqiblər FİDES ("Macarıstan Vətəndaş Birliyi") Partiyası və onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyasının (XDXP) hakim koalisiyası ilə müxalif "Tisa" Partiyasıdır. FİDES-in lideri hazırkı baş nazir Viktor Orbandır, "Tisa"ya isə keçmiş hökumət rəsmisi və avrodeputat Peter Madyar rəhbərlik edir.
Analitiklərin qiymətləndirmələrinə görə, digər siyasi qüvvələr arasında beş faizlik seçki baryerini aşmaq və parlamentdə təmsil olunmaq üçün real şanslara yalnız Laslo Torotskainin rəhbərlik etdiyi sağ radikal "Vətənimiz" Partiyası malikdir.
2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkilərində FİDES və XDXP koalisiyası 135 deputat yeri qazanaraq konstitusion səs çoxluğu əldə etmişdi.
Qeyd edək ki, Macarıstanda sükut günü nəzərdə tutulmayıb, lakin səsvermə günü seçki məntəqələrinin 150 metrlik radiusunda təşviqat fəaliyyətinin aparılmasına, eləcə də kütləvi informasiya vasitələrində siyasi reklamın yerləşdirilməsinə qadağa qüvvədədir. Bununla belə, əvvəllər yerləşdirilmiş seçkiqabağı təşviqat materiallarının yığışdırılmamasına icazə verilir.
"Exit-poll" məlumatlarının dərcinə seçki məntəqələrinin işi başa çatdıqdan sonra icazə verilir.