KİV: BƏƏ - Səudiyyə Ərəbistanı gərginliyi ABŞ üçün diplomatik çağırış olub
- 30 dekabr, 2025
- 23:06
Yəməndəki vəziyyətlə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında gərginliyin artması ABŞ diplomatiyası üçün yeni çağırışdır.
"Report"un məlumatına görə, bu fikir "The Wall Street Journal" (WSJ) qəzetində dərc olunmuş məqalədə bildirilib.
Nəşr qeyd edib ki, iki Yaxın Şərq dövləti arasındakı münasibətlərdəki çat ABŞ üçün diplomatik çağırışdır, eyni zamanda Vaşinqtonun İranı cilovlamaq və Tehranı nüvə proqramından imtina etməyə inandırmaq məqsədilə çalışdığı üçün arzuolunmaz fəsaddır.
WSJ qeyd edib ki, Fars körfəzinin iki ölkəsi arasında qarşıdurma onsuz da münaqişə ilə əhatə olunmuş bölgədə hərbi əməliyyatların genişlənməsinə səbəb ola bilər.
Dekabrın 9-da Cənub Keçid Şurasının sədri Aydarus əz-Zubaidi Yəmənin şərqindəki Hadramaut və Mahra əyalətləri üzərində nəzarətin qurulduğunu elan edib. O qeyd edib ki, növbəti mərhələdə Yəmənin cənubunda gələcək dövlətin institutlarının yaradılması planlaşdırılır. Cümə axşamı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi separatçıların hərəkətlərini əsassız eskalasiya adlandıraraq, Cənub Keçid Şurası qüvvələrini bu regionlardan çıxarmağa çağırıb.
Dekabrın 27-də axşam hökumətdəki mənbə SABA agentliyinə bildirib ki, Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib.
Çərşənbə axşamı gecəsi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Hadramaut əyalətindəki Əl-Mukalla limanına hava hücumu təşkil edib. Koalisiyanın sözçüsü general Turki əl-Malikinin açıqlamasına görə, əməliyyatın əhatə dairəsi məhdud olub və BƏƏ-dən gələn "iki gəmidən boşaldılmış silah və hərbi texnika" hədəfə alınıb. Əl-Əlimi daha sonra BƏƏ ilə birgə müdafiə müqaviləsini ləğv edən fərman imzalayıb və Əmirlik qüvvələrinin 24 saat ərzində respublikadan çıxarılmasını tələb edib. O, həmçinin ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət elan edib.