İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər

Digər ölkələr
  • 17 aprel, 2026
  • 00:57
İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər

Ttərəflər arasındakı sonrakı danışıqlar prosesində nəzərəçarpacaq irəliləyiş olacağı təqdirdə, İsrail və Livan arasında atəşkəs rejimi uzadıla bilər.

"Report" xəbər verir ki, bu, tam mətni ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş iki ölkə arasında 10 günlük atəşkəs barədə razılaşmada öz əksini tapıb.

Qeyd edək ki, bu qərar danışıqların başlaması üçün şəraitin yaradılmasına və regionda gərginliyin azaldılmasına yönəlib.

"Bu ilkin dövr danışıqlarda irəliləyiş nümayiş etdirilməsi şərtilə Livan və İsrailin qarşılıqlı razılığı ilə uzadıla bilər", - sənəddən aydın olur.

Razılaşmaya əsasən, İsrail quruda, havada və dənizdə hücum əməliyyatlarını dayandırır, Livanın hökumət qüvvələri isə öz ərazisindən İsrailə edilən hücumların, o cümlədən silahlı qruplaşmaların ("Hizbullah" və onun bölmələrinin - red.) hərəkətlərinin qarşısını almağı öhdəsinə götürür. Bununla yanaşı, İsrail planlaşdırılan, qaçılmaz və ya davam edən hücumlara cavab olaraq istənilən vaxt özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

"Bütün tərəflər Livan təhlükəsizlik qüvvələrini bu ölkənin suverenliyi və milli müdafiəsinə görə məsuliyyət daşıyan yeganə qüvvə kimi tanıyır; heç bir başqa dövlət və ya qruplaşma Livanın suverenliyinin qarantı roluna iddia etmək hüququna malik deyil", - razılaşmada qeyd olunub.

Bununla yanaşı, İsrail və Livan iki ölkə arasında möhkəm təhlükəsizlik, sabitlik və sülh təmin edən hərtərəfli razılaşmanın bağlanması məqsədilə beynəlxalq quru sərhədinin demarkasiyası da daxil olmaqla, qalan bütün məsələlərin həlli üçün ABŞ-dən iki ölkə arasındakı sonrakı birbaşa danışıqlara kömək etməsini xahiş ediblər.

ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəlib.