İmran Xanın ümumi həbs müddəti 30 ildən çox olacaq - YENİLƏNİB
- 20 dekabr, 2025
- 14:51
Pakistanın sabiq Baş naziri İmran Xan əvvəlki iş üzrə 14 illik həbs müddəti bitdikdən sonra yeni həbs müddəti üzrə cəza çəkməyə başlayacaq.
"Report" "Dawn"a istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Attaulla Tarar bildirib.
"İmran Xanın 190 milyon funt sterlinq məbləğində korrupsiya işi üzrə həbs müddəti başa çatdıqdan sonra o, yeni həbs müddəti üzrə cəza çəkməyə başlayacaq", - o bildirib.
Beləliklə, İmran Xanın ümumi həbs müddəti 31 il, onun həyat yoldaşı Büşra Bibinin isə 24 il təşkil edəcək.
Nəşr, həmçinin qeyd edir ki, hökm çıxarılarkən məhkəmə İmran Xanın yaşlı, Büşra Bibinin isə qadın olması faktını nəzərə alıb. Məhz buna görə qanunvericilikdə nəzərdə tutulduğundan daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilib.
Pakistan məhkəməsi sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı Büşra Bibini Toşaxana (hədiyyələrin saxlandığı rəsmi dövlət anbarı) ilə bağlı ikinci korrupsiya işi üzrə 17 il həbs cəzasına məhkum edib.
Bu barədə "Report" "Geo News"a istinadən xəbər verir.
Məlumata görə, söhbət sabiq baş nazir və həyat yoldaşının 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı ehtimal olunan dələduzluqdan gedir.
Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib. Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.
Cinayət işi 2024-cü ilin iyulunda açılıb. İstintaq İmran Xan və Büşra Bibinin bahalı saatlar, zinət əşyaları kimi qiymətli hədiyyələri Toşaxanaya təhvil verməyərək satdığını iddia edir.