İŞİD terror təşkilatının silahlıları İordaniya hərbi hava qüvvələrinin pilotunu əsir götürüblər
- 24 dekabr, 2014
- 19:47
Bakı. 24 dekabr. REPORT.AZ/ İordaniya dövlət televiziyası xəbər verir ki, ölkənin kral hərbi hava qüvvələrinin təyyarələrindən biri "İraq Şam İslam Dövləti" terrorçu təşkilatının silahlıları tərəfindən vurulub, onun pilotu Müəz Əl-Kəsasba isə əsir götürülüb.
"Report" AzərTAC-a istinadla xəbər verir ki, İordaniya komandanlığının verdiyi məlumata görə, kral silahlı qüvvələrinin əsir götürülmüş pilotu Suriyanın Rakka şəhəri rayonunda eskadrilyanın heyətində döyüş tapşırı yerinə yetirirmiş. İordaniya pilotları İŞİD terrorçularının mövqelərinə aviasiya zərbələri endirilməsində iştirak edirlər.
İordaniya komandanlığı xəbərdarlıq edib ki, Suriyanın və İraqın günahsız müsəlmanlarına qarşı cinayətləri, habelə İordaniya əleyhinə terror planları ilə tanınmış bədnam İŞİD təşkilatının silahlıları əsir düşmüş pilotun həyatına görə tam məsuliyyət daşıyırlar.