Cənubi Koreyada təyyarə qəzasının səbəbləri hələ aydın deyil, lakin əsas versiyalar arasında quşlarla toqquşma, mühərrik, şassi və tormoz sistemlərinin nasazlığı, fövqəladə hallarda hava limanının uçuş-enmə zolağının kifayət qədər uzun olmaması göstərilir.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.
Hazırda 174 nəfərin öldüyü təsdiqlənib, iki nəfər xilas edilib.
Qəzanın səbəbləri barədə versiyaların sayı artmaqdadır və onlar şahidlərin hadisə yerindən yaydıqları videogörüntülərə əsaslanır. Həmin görüntülərdə təyyarənin eniş edərkən tüstüləndiyi, sağ mühərrikdən partlayışla müşayiət olunan alov və tüstü çıxdığı görünür.
Təyyarənin quşlarla toqquşduğu və bunun mühərrikdə nasazlığa səbəb olduğu ehtimal edilir, lakin videogörüntülər göstərir ki, o, zolağa yaxınlaşarkən şassi yığılmış vəziyyətdə olub.
Təyyarə iki dəfə eniş cəhdi edib. Birinci uğursuz cəhdin şassinin nasazlığından, yoxsa mühərriklə bağlı problemlərdən qaynaqlandığı məlum deyil.
“Yonhap”ın məlumatına görə, Muan hava limanında uçuş-enmə zolağının uzunluğu da sual doğurur. 2800 metr uzunluğunda olan zolaq İnçhon (3700 metr) və Kimpho (3600 metr) beynəlxalq hava limanlarındakı, eləcə də yaxınlıqdakı Kvancju hava limanındakı (3000 metr) zolaqlardan qısadır.
Lakin Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi zolağın uzunluğunun qəzaya səbəb ola biləcəyi ehtimallarını rədd edib. Nazirlik vurğulayıb ki, əvvəllər də bənzər ölçülü təyyarələr bu hava limanından müntəzəm istifadə edib və zolağın uzunluğu onların havaya qalxması və enməsi üçün yetərli olub.