Böyük Britaniyadan Ruandaya qeyri-qanuni miqrantların göndərilməsi üçün uçuşlar iyulun ortalarında başlayacaq.
“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak mətbuat konfransında deyib.
“İlk uçuşlar 10-12 həftəyə başlayaq. Əlbəttə ki, bu, bizim istədiyimiz vaxtdan gecdir. Lakin biz həmişə açıq şəkildə bəyan etmişik ki, bütün prosedurlar vaxt aparacaq”, - o vurğulayıb.
Baş nazir gecikmələrə görə müxalif Leyboristlər Partiyasının nümayəndələrini ittiham edib. R.Sunak qeyd edib ki, onlar qanun layihəsinə bir neçə dəfə düzəlişlər edib və onu İcmalar Palatasına qaytarmışdılar.
Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Böyük Britaniyaya qeyri-qanuni mühacirlərin Afrika ölkəsinə deportasiyasının başlanmasına yenidən mane olarsa, bu məhkəmədən çıxa bilər: “Biz xarici məhkəmənin uçuşların başlanmasına mane olmasına icazə verməyəcəyik”.