BMT sülhməramlıları İsrailin tövsiyəsi ilə Livanın cənubundakı mövqelərini tərk etməyiblər.
"Report" xəbər verir ki, bunu sülhməramlı qüvvələrin nümayəndəsi Andrea Tenenti "Frans Press" agentliyinə müsahibəsində deyib.
“İsrail ordusu bizdən Mavi Xətt boyunca mövqelərimizi tərk etməyimizi istədi. Lakin biz yekdilliklə burada qalmağa qərar verdik, çünki bu zonada BMT bayrağı dalğalanmalıdır”, - nümayəndə bildirib.
Qeyd edək ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin Livan və İsrail arasındakı sərhəddə yerləşdiyi ərazi sülhməramlılarının formasının rənginə görə Mavi Xətt adlandırılıb.
Bundan əvvəl oktyabrın 10-da İsrail Müdafiə Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına və digər obyektlərə zərbə endirərək iki sülhməramlının yaralanmasına səbəb olub.