Bakı. 19 aprel. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun İsrail hakimiyyətinin fələstinliləri qanunsuz köçürmə fəaliyyətini davam etdirdiyini bildirib. O, qeyd edib ki, İsrailin fələstinliləri İordan çayının qərb sahilindən qovması Fələstin dövlətinin yaradılmasını mümkünsüz edib.
"Report"un məlumatına görə, baş katib belə bir bəyanatla BMT-nin Təhlükəsizlik Şurasının rüblük müzakirələrində çıxış edib.
Pan Gi Munun sözlərinə görə, yəhudi dövlətinin hakimiyyəti tərəfindən keçirilən xüsusi siyasət, o cümlədən sakinlərin evlərinin sökülməsi, İordan çayının qərb sahilinin müəyyən hissələrindən fələstinlilərin sürgün edilməsi Fələstin dövlətinin yaradılması perspektivlərinin qarşısını alıb.
BMT rəhbəri qeyd edib ki, fələstinlilərin evlərinin sökülməsi "həyəcanlı" templə davam edir. Onun sözlərinə görə, ilin başlanğıcından bu günə qədər dağıdılan binaların sayı ümumilikdə 2015-ci il ərzində dağıdılmış evlərdən çoxdur.
Bütün bunların nəticəsində 840-dan çox insan evsiz-eşiksiz qalıb.