“BMT-nin Baş katibi Əfqanıstanda Talibanın qadın və qızların universitetlərdə təhsilinə qadağa qoyması xəbərindən dərin narahatdır”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.
“Təhsildən imtina təkcə qadın və qızların bərabər hüquqlarını pozmayacaq, həm də ölkənin gələcəyinə dağıdıcı təsir göstərəcək. Baş katib de-fakto hakimiyyəti Əfqanıstanda bütün qadın və qızların təhsilə bərabər çıxışını təmin etməyə çağırır”.
Sözçü deyib ki, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) qərarı müzakirə etmək üçün müvafiq Taliban nümayəndələri ilə görüşləri davam etdirəcək:
“Taliban tərəfindən əfqan qadın və qızları təhsildən, iş yerindən və həyatın digər sahələrindən kənarlaşdırmaq üçün atılan addımlar məcburi və erkən nikah, qadınlara və qızlara qarşı zorakılıq riskini artırır. Hazırda BMT tərəfindən bölgədə əfqanlara humanitar yardımın koordinasiyası və paylanması davam edir. BMT-nin hesablamalarına görə, qadınların məşğulluğunun məhdudlaşdırılması 1 milyard dollar, təxminən Əfqanıstanın ümumi daxili məhsulunun beş faizinə qədər iqtisadi itkilərlə nəticələnə bilər”.