Başqırdıstanda ticarət mərkəzində yanğın qurbanlarının sayı 4-ə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 22 sentyabr, 2026
  • 16:55
Başqırdıstanda ticarət mərkəzində yanğın qurbanlarının sayı 4-ə çatıb - YENİLƏNİB

Başqırdıstanın Sterlitamak şəhərində (Rusiya) "Solneçnıy" ticarət mərkəzində baş verən yanğında 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"2100 kv.m sahədə yanğının lokallaşdırıldığı elan edilib. Dəqiqləşdirilmiş məlumatlara görə, 8 nəfər xəsarət alıb, onlardan 4-ü həlak olub, 4-ü isə xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib.

Yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Xilasedicilər binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər.

Yanğının söndürülməsində 47 nəfər və 16 texnika iştirak edir. Binanın mürəkkəb planlaması və konstruktiv xüsusiyyətləri, eləcə də alov və tüstünün yayılmasına şərait yaradan yanğın xilasedicilərin işini çətinləşdirir.

Başqırdıstanın (Rusiya) Sterlitamak şəhərində "Solneçnıy" ticarət mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının səbəbi hələlik məlum deyil.

Binadan 17 nəfər, o cümlədən bir uşaq təxliyə edilib. Xəsarət alanların ikisi xəstəxanaya yerləşdirilib.

Hadisə yerində operativ xidmətlər çalışır. Yanğının söndürülməsi davam edir.