Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Almaniya hökuməti ölkədəki bütün tərəfləri təmkinli və tədbirli olmağa çağırıb.
“Report” xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsünün müavini Kristian Hoffman bəyan edib.
Onun sözlərinə görə, rəsmi Berlin mövcud olan zorakılıq hadisələrindən dərin narahatdır: “Biz əminik ki, zorakılıq heç vaxt adekvat cavab ola bilməz. Ona görə də biz bütün tərəfləri gərginliyi azaltmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq”.
Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstanda təhlükəsizlik qüvvələrinə və orduya xəbərdarlıq edilmədən atəş açmaq əmri ilə bağlı bütün xəbərləri diqqətlə öyrənəcəyini açıqlayıb.
“Almaniya hökumətinin nöqteyi-nəzərindən açıq şəkildə bildirilməlidir ki, mülki əhaliyə qarşı xüsusən də silahlı qüvvələr iştirakı ilə hərbi silahlardan istifadə etmək ən son çarə olmalıdır”.
Qeyd olunub ki, Qazaxıstan hökuməti və bütün yüksək vəzifəli məmurlar mülki şəxslərin müdafiəsinə cavabdehdirlər.
“Kim xəbərdarlıq etmədən, öldürmək üçün nümayişçilərə atəş açırsa, sivil dövlətlər liqasını tərk edib” , - deyə Almaniya Federativ Respublikasının ədliyyə naziri Marko Buşman
Fransanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar Parisdə görüşən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron da Qazaxıstanda zorakılığa son qoymağa çağırıblar.
Mərkəzi Asiya ölkəsində vəziyyətin gərginləşməsini narahatlıqla izlədiyini deyən Avropa Komissiyasının rəhbəri tərəfləri zorakılığa son qoymağa çağırıb və əmin edib ki, Aİ mümkün olan köməyi etməyə hazırdır.
Qadın diplomat vurğulayıb ki, Qazaxıstan xalqının hüquqları və təhlükəsizliyi qorunmalıdır.