İsrailin Yerusəlim və Afula şəhərlərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlimdəki şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbir qurumun rəhbəri Aleksandr Aqranovskinin şam yandırması ilə başlayıb.
O, xalq arasında “Qara Yanvar” adlandırılan Bakıdakı məşum gecədə baş verənlərdən danışıb və faciə qurbanlarının xatirəsinin yad edilməsi üçün bir dəqiqəlik sükut elan edib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Blooded Carnations” (“Qanlı Qərənfillər”) qısametrajlı sənədli filmi nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Afulanın mərkəzi kitabxanasında keçirilən anım tədbirində də bu film nümayiş etdirilib.
Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvü, rejissor Azim Sadıxovun müəllifi olduğu bu film “Telly Awards – 2023” mükafatına layiq görülüb.