Fransanın paytaxtı Parisdə Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) illik iclası keçirilib.
"Report"un yerli bürosu bildirir ki, iclasda ADA-nın baş katibi Mirvari Fətəliyeva, İdarə heyətinin üzvü Jerom Bequin, assosiasiyanın üzvləri iştirak ediblər.
İclasda ADA-nın baş katibi Mirvari Fətəliyeva assosiasiyanın 2024-cü il ərzində keçirdiyi tədbirlər üzrə yekun hesabatını assosiasiya üzvlərinə təqdim edib.
"Danser" journalında Azərbaycan operasına həsr edilmiş məqalənin işıq üzü görməsi, Fransada çap olunan kulinariyaya həsr olunmuş kitaba Azərbaycan mətbəxinə məxsus üç yemək növünün daxil edilməsi və digər tədbirlərdən danışılıb.
Sonra növbəti il üçün nəzərdə tutulan tədbirlər planı təqdim olunub və bu mövzuda təkliflər dinlənilib.
İclas zamanı assosiasiya üzvləri Fransa mətbuatında Azərbaycan əleyhinə səsləndirilən böhtanlar, erməni lobbisinin fəaliyyətinin mənfi təsirlərinə də toxunublar, belə halların ölkələrində baş verməsindən təəssüfləndiklərini bildiriblər.
İclasda ADA-nın statusuna dəyişilliklər edilərək assosiasiyanın üzvlərinə münasibətdə baş verən hücumlara reaksiya vermək, belə hallara qarşı mübarizə aparmaq təklif olunub. Təklif səsə qoyularaq böyük səs çoxluğu ilə qəbul edilib.