Şimali Kaliforniyada yerləşən Cozef D.Qrant Parkında soydaşlarımızın illik icma düşərgəsi təşkil edilib.
Bu barədə “Report”a Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi və Kaliforniyada yaşayan soydaşlarımızın birgə həyata keçirdiyi layihənin başlıca məqsədi həmvətənlərimizin birliyinin və həmrəyliyinin gücləndirilməsidir.
Layihə çərçivəsində azərbaycanlı ailələrdə böyüyən uşaqların bir-biri ilə yaxından tanış olması üçün “Mədəniyyət günləri düşərgəsi” də təşkil olunub. Üç gün ərzində fərqli oyunlar vasitəsilə uşaqlara Azərbaycan taixi, dili, mədəniyyəti, coğrafiyası, milli-mənəvi dəyərləri barədə bilgilər verilib, filmlər nümayiş etdirilib, dostluğun və komanda işinin prinsipləri izah olunub.
Uşaqlar yeniyetmələr üçün Palo Alto Muzey və Zooparkını da ziyarət ediblər.
İcma düşərgəsi iştirakçıları arasında tanınmış Azərbaycan idmançısı, qaydasız döyüş üzrə "Fury FC 57 – UFC Fight Pass" turnirinin çempionu Hüseyn Əliyev də olub. Onunla görüş və çempionluq kəmərini öz üzərində görmək uşaqlarda maraq doğurub.
Düşərgənin sonuncu günü uşaqlar arasında “Talant Şou”və digər maraqlı yarışlar keçirilib. Müsabiqə iştirakçılarına müxtəlif setrifikatlar təqdim edilib.
Düşərgəyə Şimali Kaliforniyadakı türk icmasının təmsilçiləri də qatılıblar.