İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha iki nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da aşkar olunan insan qalıqlarının ən azı səkkiz şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında qeyd olunur.
"Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir", - məlumatda vurğulanıb.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, aprelin 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun peşəkar mütəxəssis heyəti əraziyə ezam ediliblər.
İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.
Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.